İşğalçı ölkə yeni ilə sosial partlayış və uğursuz dövlət siyasəti ilə gedir
Müasir dövlətin və cəmiyyətin simasını göstərən ən əsas məsələ ölkəyə rəhbərlik edən prezidentin gördüyü iş və xalqına, vətəninə məhəbbətidir. Bu gün Ermənistanda hökm sürən ağır iqtisadi və siyasi durum işğalçı ölkəyə rəhbərlik edən küçə "demokratı" faşist, qaniçən və cinayətkar Nikol Paşinyanın əsl simasıdır desək, daha abyektiv olar. İşğalçı ölkədə aparılan rəy sorğuları da bunu sübut edir. Belə ki, "Aykakan Jamanak" qəzeti yazır ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin durmadan pisləşməsi fonunda ölkə hakimiyyətindən narazılıq daha böyük sürətlə artmaqdadır: "Aparılan son rəy sorğuları, bir daha göstərir ki, əhalinin 78 faizi Nikol Paşinyan iqtidarının hakimiyyətdən getməsini istəyir. Bunu şərtləndirən əsas səbəblər isə təkcə sosial-iqtisadi amillər yox, eyni zamanda, son günlər ölkədə aparılan siyasi repressiya dalğasının genişlənməsidir".
Qəzet yazır ki, N.Paşinyan hakimiyyətə gəldiyi gündən iflic vəziyyətində olan ölkənin iqtisadiyyatı bu gün çıxılmaz böhran keçirməklə, uçuruma yuvarlanmaqda olan Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb. Xüsusilə də, Rusiyanın yaxın dostu Ermənistana satdığı məişət qazının qiymətini bahalaşdırması ölkədə əhaliyə satılan təbii qazın və elektrik enerjisinin qiymətinin artmasına təkan verməkdədir.
Levon Keşayan: "Ermənistan Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları azad etməlidir. Əks halda, Ermənistanın məhvi qaçılmaz olacaq"
Ermənistanın tanınmış yazıçısı Levon Keşayanın ölkədə yaranmış ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə etiraz olaraq, ona dövlət tərəfindən verilən mükafatı almaqdan imtina etməsi də, bu fonda xüsusi diqqət cəlb edir. Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik "Ermənistan xəbərləri" jurnalında yazıçının vətən qarşısındakı xidmətlərinə görə, bir sıra
həmkarları ilə yanaşı ordenə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, L.Keşayan təqdimat mərasiminin keçirildiyi prezident sarayına gəlməməklə, tədbiri boykot edib. Yazıçı jurnalistlərə deyib ki, ölkə rəhbərliyinin apardığı səviyyəsiz siyasət nəticəsində əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasına, çoxlu sayda erməninin doğma vətənini tərk edərək, xarici ölkələrə üz tutmasına etiraz əlaməti olaraq, belə bir addım atıb. L.Keşayan deyib ki, Ermənistan dəfələrlə dünyanın ən zəif iqtisdiyyata sahib və korrupsiyalaşmış dövlətləri sırasına daxil edilib: "Ölkə iqtisadiyyatının 65 faizi 15 nüfuzlu ailənin inhisarında cəmləşib. Problemi həll etmək üçün Ermənistan hökuməti iqtisadi islahatlara start versə də, nəticə yoxdur. Ona görə də, ölkəni böhrandan qurtarmağın vacib yolu iri beynəlxalq layihələrə qoşulmaqdır. Bunun üçün Ermənistan Azərbaycanla münasibətləri qaydaya salmalı və işğal olunmuş torpaqları azad etməlidir. Əks halda, Ermənistanın məhvi qaçılmaz olacaq".
2019-cu ildə Ermənistanı 895 mindən çox erməni tərk edib
Əhalinin ölkəni tərk etməsinin səbəbləri, əvvəlki illərdəki kimi, dəyişməz olaraq qalıb. "Aykakan Jamanak" qəzeti yazır ki, insanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalıqlarından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər: "Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəni 895 mindən çox nəfər tərk edib".
"Köməksiz İnsanlar" İctimai Birliyinin sədri Tatevik Becanyan yerli mətbuata açıqlamasında bildirib ki, savdsız Nikol Paşinyanın iki il ərzində Ermənistandan gedənlər ölkəyə gələnlərlə müqayisədə çoxluq təşkil edir.
İşğalçı ölkədə baş verən iqtisadi çətinliklər orduda da öz təsirini göstərir. Xüsusilə də, nəzərə alsaq ki, intihar, özünə və başqalarına qəsd etmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman Ermənistan ordusundakı vəziyyətin hansı dözülməz səviyyədə olduğu başadüşüləndir. Ermənlərin ordusunda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələri və ölüm halları artıq mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq, ölkənin içində baş qaldırmış ciddi narazılıq isə hökumət üçün başağrısına çevrilib. Hətta xeyli sayda erməni Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq, hesabat istəyiblər. Vəziyyətin belə ağırlaşdığını görən
N.Paşinyan hökuməti isə ictimaiyyəti sakitləşdirmək üçün yalan maşınını işə salıb. Hökumətə yaxın QHT və təşkilatların əliylə həyata keçirilən bu prosesin mərkəzində isə ordudakı ölüm hallarının gizlədilməsi və rəqəmlərin kiçildilməsi dayanır. Belə ki, həmin təşkilatların iddiasına görə, guya erməni ordusunda intihar hallarının sayı azalmağa başlayıb.
Erməni mətbuatı hökumətin yalanını çıxaracaq faktları ortalığa qoyduqdan sonra, rəsmi qurumlar susmağa məcbur olublar. Qəzetlərin yaydıqları məlumatlarda isə, vurğulanır ki, təkcə bu ilin ilk 11 ayı ərzində, Ermənistan ordusunda intihar edən əsgərlərin sayı 150 nəfərdən çox olub.
Beləliklə, ermənilər gec də olsa, anlamağa başlayıblar ki, bu rejimdən - Paşinyandan qurtarmağın vaxtı gəlib çatıb.
Beləliklə, proseslərin inkişaf istiqaməti 2020-ci ilin də Ermənistan üçün kifayət qədər ağır olacağını, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşəcəyini göstərir. Sözügedən problemlərin həlli üçün Ermənistan nə maliyyə, nə digər iqtisadi resurslara, nə də xalqın etimadını qazanmış hökumətə malikdir. Əksinə, mövcud durum Ermənistanda xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşdiyini göstərir və bu da, işğalçı ölkənin tənəzzülünü sürətləndirən əsas səbəblərdən biri sayılır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB