İsveçin Lund Universitetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib

İsveçin Lund Universitetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib

16 mart 2011-ci il tarixində Lund Universitetində Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi, The Association of Foreign Affairs (Utrikes Politiska Föreningenin), İsveçdə təhsil alan azərbaycanlı tələbələr və bu ölkədə yaşayan fəal soydaşlarımızın təşkilatçılığı ilə "Avropada dondurulmuş münaqişələr" ("The frozen conflicts in Europe") adlı konfrans düzənlənib. DAK-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirə İsveçdə təhsil alan azərbaycanlı tələbələr, başda konfransın əsas təşkilatçılarından biri olan Elvin Məcidli, fəal soydaşlarımız, İsveçdə təhsil alan əcnəbi tələbələr, isveçlilər və eləcə də İsveçdə təhsil alan və yaşayan ermənilər qatılıblar.


Konfransda Azərbaycan Respublikası tərəfindən məruzəçi qismində fövqəladə və səlahiyyətli səfirimiz Rafael İbrahimov və onun müşaviri Günəş Rüstəmzadə çıxış ediblər.


Rafael İbrahimov öz məruzəsində Azərbaycan və onun tarixi, Azərbaycan Respublikası və İsveç Krallığını birləşdirən bağlar, Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı, Azərbaycanın Sovet imperiyasının çökdüyü ərəfədə, eyni zamanda müstəqil olduqdan sonrakı dövrlər ərzindəki sosial, iqtisadi və ictimai inkişafı haqqında ətraflı məlumat verib. Bundan əlavə, azərbaycanlı diplomat ötən həftə bütün medialarda öz əksini tapan doqquz yaşlı uşaq Fariz Bədəlovun da Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetrilməsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Rafael İbrahimov Azərbaycan Respublikasının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu və hansısa güzəşt məsələsinin heç bir bəhs mövzusu olmayacağını bir daha bəyan edib.


Daha sonra səfirimiz konfrans iştirakçılarının suallarını cavablandırıb.


Tədbirdə iştirak edən Dünya Azərbaycanlıları Konqresinin (DAK) Nəzarət–Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə Rafael İbrahimova müxtəlif suallar ünvanlayıb. Həmin sualların məzmunu ermənilərin Qarabağ müharibəsini xristian aləminə dini müharibə kimi təqdim etmələri, rəsmi Tehran-İrəvan dostluğu, fars şovinist rejiminin Ermənistanı dəstəkləməsi və ermənilərin illər boyu Güney Azərbaycanda Azərbaycan türklərini qətlə yetirməsi və s. mövzularda olub.


Bundan sonra Babək Tağızadə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin hazırladığı "Erməni terroru", "Bizi əsirlikdən qurtarın" və s. bu kimi kitab və videomateriallarla dolu CD-ləri Lund Universitetinin kitabxanasına təqdim edib. Kitabların arasında əslən Avstriyadan olan professor, doktor Erik Fayqlın "Armenian Mythomania" adlı müxtəlif dillərdə nəşr edilmiş kitabları da olub. Eyni zamanda Babək Tağızadə Azərbaycan həqiqətlərini özündə əks etdirən materialları yerli media nümayədələrinə, isveçli tələbələrə, tədbirə qatılmış isveçlilərə və "The Association of Foreign Affairs" təşkilatının nümayəndələrinə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə