Yeni 2020-ci il - daha sıx həmrəyliyə doğru

Yeni 2020-ci il - daha sıx həmrəyliyə doğru

Prezident İlham Əliyev: "...Azərbaycanın bu günü və aydın sabahı naminə..."


31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ - İran sərhədinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, əslində, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Azərbaycançılıq məfkurəsi sarsılmaz birliyin təcəssümüdür

Prezident İlham Əliyev Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 25-də dünya azərbaycanlılarını təbrik edib.
Dövlətimizin başçısı təbrikdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi günün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edildiyini bildirib.
Ümummilli Lider 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününun dövlət bayramı kimi qeyd edilməsi, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq, artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda, dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir və fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil və suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da, məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına və yaşamasına qayğı təşkil edir".

Müstəqillikdən keçən şərəf yolu

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrikində onu da qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.
Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi, bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş və insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Azərbaycan - sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub-saxlanıldığı unikal məkan

Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən, Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda "Nəsimi İli"nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. "Nəsimi İli" çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

Əzəli və əbədi Azərbaycan torpağı Qarabağın azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyil

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.
Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev təbriki zamanı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı günün tez bir zamanda həll olunacağının da deyib: "Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə