Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi: “ “Qaynar xətt”-ə bütün dövlət qurumların əməkdaşları ilə bağlı müraciətlər daxil olur”

Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi: “ “Qaynar xətt”-ə bütün dövlət qurumların əməkdaşları ilə bağlı müraciətlər daxil olur”

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bazarda yumurtanın qiymətinin süni qaldırılması ilə bağlı istintaq davam edir. Bunu Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarənin rəisi Kamran Əliyev bildirib: "İstintaq hərəkətlərinin davam etdirilməsi baxımından indidən bununla bağlı hər hansı məlumatın verilməsini məqsədəuyğun hesab etmirəm. Hazırda istintaq hərəkətləri aparılır. Buna görə də hələlik ad çəkə bilmərəm".

 

K. Əliyev idarənin "qaynar xətt"inə bütün dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı müraciətlərin daxil olduğunu və həmin məlumatlar əsasında araşdırmaların getdiyini vurğulayıb: "Prokurorluğun özünün əməkdaşları ilə bağlı müraciətlərə baxılmasına gəlincə bildiyiniz kimi, idarədə daxili təhqiqatlar şöbəsi var. Bu şöbə hüquq-mühafizə orqanları, xüsusilə də prokurorluq orqanlarında neqativ hallara qarşı mübarizə aparır. Şöbə tərəfindən prokurorluq əməkdaşları ilə bağlı müraciətlərə obyektiv və ədalətli şəkildə baxılır".

 

İdarə rəisi mətbuatda seçki komissiyalarında işçilərin əmək haqlarının tutulması və korrupsiyalaşma ilə bağlı yayılan məlumatlara da toxunub. O, bununla bağlı rəhbərlik etdiyi quruma heç bir müraciətin daxil olmadığını bildirib.

 

İdarənin QHT-lərlə əlaqə saxladığını və sıx əməkdaşlıq etdiyini bildirən K. Əliyev idarənin QHT-lərin iştirakı ilə korrupsiya ilə mübarizəyə həsr olunmuş dəyirmi masa keçirəcəyini vurğulayıb: "QHT-lər mütəmadi olaraq korrupsiya ilə bağlı əldə etdikləri faktları Baş Prokurorluğa və İdarəyə təqdim edirlər. Həmin faktlar üzrə araşdırmalar aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə