"Paşinyan da hadisələrdən öz kariyerası üçün istifadə edir" ÖZƏL-MÖVQE

"Paşinyan da hadisələrdən öz kariyerası üçün istifadə edir" ÖZƏL-MÖVQE

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli jurnalistlərə müsahibəsi zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəticənin əldə olunmamasının səbəbləri haqqında fikirləri oldu. Prezidentin səsləndirdiyi fikirlərdən müəyyənləşdirmək olur ki, o, 2019-cu ili münaqişənin tənzimlənməsi baxımından itirilmiş il hesab edir". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın mövqeyi həmişə aydın olub: "Azərbaycan münaqişənin dinc vasitələrlə ölkənin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi prinsipinə sadiq olub. Amma təbii ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində irəli gedilməməsinin səbəbkarı Ermənistandır. Bunu konkret məqamlarla aydın ifadə etmək olar. Birincisi, Paşinyan hakimiyyətə gəldi və o da sələfləri – Koçaryan, Sarkisyan kimi münaqişə vəziyyətindən özünün siyasi kariyerası üçün istifadə etməyə başladı. Yəni Dağlıq Qarabağ münaqişəsi üzərindən özünün siyasi hakimiyyətdəki ömrünü uzatmağa çalışdı. Bu gün də onun mövqeyi bundan ibarətdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, dövlət başçısı kimi danışıqlarda Paşinyan iştirak edir. Amma Paşinyanın münaqişə vəziyyəti ilə bağlı mövqeyində bu vaxta kimi olmamış dərəcədə qeyri müəyyənlik var idi.

Paşinyan Dağlıq Qarabağ münaqişəsinin vəziyyəti ilə bağlı mövqeyində üç dəfə aşkar transformasiya etdi. O bir dəfə dedi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunmalıdır və Ermənistanın onun adından danışmaq imkanı yoxdur. İkinci dəfə dedi ki, “Qarabağ Ermənistandır”. Yəni artıq bu fikir onun birinci mövqeyi ilə tamamilə ziddiyyət təşkil edirdi. O nəhayət bir dəfə də qeyd etdi ki, münaqişə Azərbaycanın, Ermənistanın və qondarma rejimin maraqlarına cavab verməlidir. Qeyd etmək lazımdır ki, Paşinyanın bu cür sərt mövqe transformasiyaları Ermənistan cəmiyyətində də ironika ilə qarşılandı. Təbii ki, danışıqların digər tərəfinin belə mövqesizliyi şəraitində münaqişənin tənzimlənməsi istiqamətində nəsə əldə etmək mümkün olmayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə