Ədliyyə naziri Fikrət Məmmədov martın 17-də penitensiar sistemdə aparılan islahatlarla tanışlıq və təcrübə mübadiləsi məqsədilə respublikamızda səfərdə olan Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Reymerlə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən F.Məmmədov dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini, ölkələrimiz arasında zəngin müqavilə-hüquq bazasının mövcudluğunu vurğulamış, hüquq sahəsində əlaqələrin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu qeyd edib.
Nazir, Prezident İlham Əliyevin siyasi iradəsi ilə insan hüquqlarının etibarlı təmin olunması, məhkumların hüquq və imtiyazlarının genişləndirilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılması, səhiyyə xidmətinin təkmilləşdirilməsi, penitensiar infrastrukturun müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində respublikamızın əldə etdiyi nailiyyətlərə beynəlxalq aləmdə marağın artdığını, bu sahədə müsbət təcrübədən artıq bir neçə dövlətin bəhrələndiyini diqqətə çatdırıb.
Azərbaycanla hərtərəfli, xüsusilə hüquqi əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verən qonaq ölkəmizdə aparılan penitensiar islahatları, səfər çərçivəsində baş çəkdiyi müasir Bakı istintaq təcridxanasında yaradılmış şəraiti yüksək qiymətləndirib. A.Reymer ölkəsində köklü həbsxana islahatlarının həyata keçirilməsinin nəzərdə tutulduğunu, Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnmək niyyətində olduqlarını, əməkdaşlığın inkişafına dair konkret təkliflərini bildirib.
Görüşdə penitensiar sahədə qarşılıqlı fəaliyyətin perspektivləri, Azərbaycan vətəndaşı olan məhkumların ekstradisiyası, penitensiar xidmət üçün peşəkar kadrların hazırlanması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qonaq nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB