Salyanın iki böyük şəxsiyyəti vəfatının ildönümündə anılıb - FOTO

Salyanın iki böyük şəxsiyyəti vəfatının ildönümündə anılıb - FOTO

Salyanda Milli Qəhrəman Nazim Babayev və dövrünün tanınmış ictimai-siyasi xadimi Əli bəy Hüseynzadə vəfatının ildönümündə anılıb. SİA-nın Aran bürosundan verilən xəbərə görə, rayon rəhbəri Tahir Kərimov, Milli Qəhrəmanın anası Laçın xanım, eləcə də ictimaiyyət nümayəndələri əvvəlcə Milli Qəhrəman Nazim Babayevin, sonra isə tanınmış ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Tədbirdə Millət vəkili Fəzail Ağamalı iştirak edib.

 

Məlumat üçün bildirək ki, Nazim Babayev 1995-ci ilin martında Bakıda dövlət çevrilişinin qarşısının alınmasında qəhrəmancasına şücaət göstərərək həlak olub. Nazim Babayevə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. N. Babayev 1975-ci il fevralın 7-də Salyanın keçmiş Aydıngün, indiki Yeni Uluxanlı kəndində anadan olub. Milli Qəhrəmanın adına Salyanda küçə var və oxuduğu məktəb də onun adını daşıyır.

 

Əli bəy Hüseynzadə də 24 fevral 1864-cü ildə Salyanda anadan olub. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılmasında müstəsna xidmətləri olub. Sonradan Əli bəy Hüseynzadə qardaş Türkiyə Respublikasında yaşayıb və Mustafa Kamal Atatürkün qurduğu hökumətdə çalışıb. 1940-cı il martın 17-də İstanbulda vəfat edib və Qaraca Əhməd qəbiristanlığında dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə