Dövlət Komissiyası bir Azərbaycan hərbçisinin və bir erməni mülki şəxsin təhvil verilməsi barədə məlumat yayıb
Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir Azərbaycan hərbçisinin və bir erməni mülki şəxsin təhvil verilməsi barədə məlumat yayıb. SİA-nın komissiyanın saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ötən il 27 oktyabr və bu il 5 mart tarixli birgə bəyanatlarına uyğun olaraq, eləcə də Komissiyanın beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqları nəticəsində bu gün Ağdam rayonu, Baş Qərvənd kəndi ərazisində, Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində 10 may 2009-cu il tarixdə Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri - 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu azad olunaraq Müdafiə Nazirliyinə təhvil verilib. Eyni zamanda, 9 may 2009-cu il tarixdə Azərbaycan ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1978-ci il təvəllüdlü Badalyan Artur Qrişayeviç müqabil tərəfə qaytarılıb.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB