"AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər Azərbaycanı dağıdırdılar"

"AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər Azərbaycanı dağıdırdılar"

"AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü". SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə söyləyib.

Dövlətimizin başçısı deyib: "1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.

Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxarıldı. Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi. Çünki üzümçülüyün Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük xeyir gətirirdi həm respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdılırdı. Çox böyük xəyanətkar və cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi.

Dediyim kimi, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük".

Bütün xəbərlər Facebook səhifəmizdə