DİN əməkdaşları Sabirabadda qaçqın və məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını, səmimi duyğularını çatdırıb.
Qaçqın və məcburi köçkünlərlə, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsi ilə belə görüşlərin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi və tapşırığı əsasında keçirildiyini vurğulayan polis general-leytenantı Əsgər Ələkbərov son illər cəmiyyət həyatının bütün sahələrində ciddi islahatların həyata keçirildiyini, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını, ölkəmizdə dönməz sabitliyin yaradıldığını, iqtisadi gücümüzün və müdafiə qüdrətimizin durmadan yüksəldiyini vurğulamış, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan dövlət başçısının yeritdiyi uğurlu xarici və daxili siyasət xəttinin yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli yurd yerlərinə qayıdacaqları ilə nəticələnəcəyinə əminliyini bildirib.
Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlətimizin başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş və ölkə prezidentinin siyasətini dəstəklədiklərini qeyd ediblər.
Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı görüşdən sonra Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb.
Bundan əlavə, vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB