"Bu səfər əməkdaşlığın daha da dərinləşməsində xidmət edəcək” ÖZƏL-MÜNASİBƏT

"Bu səfər əməkdaşlığın daha da dərinləşməsində xidmət edəcək” ÖZƏL-MÜNASİBƏT

“Ukrayna Azərbaycanla hər anlamda hərtərəfli əlaqələrə sahib olan azsaylı ölkələrdəndir”. Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, buraya iqtisadi, siyasi, mədəni, ticari, humanitar, ən nəhayət xalqlarımız arasında olan əlaqələri aid etmək olar.

Millət vəkili xatırladıb ki, keçmiş SSRİ məkanında Rusiyadan sonra ən böyük Azərbaycan diasporu məhz Ukraynadadır: "İstər sovetlər, istərsə də müstəqillik əldə edildikdən sonrakı illərdə Ukrayna və Azərbaycan arasında daim qarşılıqlı hörmətə söykənən dostluq əlaqələri mövcud olub. Sovetlər birliyi dağılandan sonra bəzi dövlətlər var idi ki, onların müstəqillik potensialının möhkəmlənməsi Azərbaycanın da müstəqilliyinin möhkəmlənməsinə təsir edirdi. Həmin ölkələrdən biri məhz Ukrayna idi. Xatırladım ki, ulu öndər Heydər Əliyev Ukraynanın ağır günlərində, yanacaq çatışmazlığı ilə üzləşdiyi məqamda bu ölkəyə yardım əlini uzadıb. O vaxt Leonid Kuçma Ukrayna prezidenti idi. Azərbaycan Ukraynanın hər hansı güc mərkəzindən asılı olmadan müstəqil siyasət həyata keçirməsinin, sözün bütün mənalarında müstəqil, güclü dövlət olmasının tərəfdarıdır. Bu, Azərbaycanın da maraqlarına cavab verir”.

Konkret olaraq Vladimir Zelenskinin Azərbaycana səfərinə gəlincə, S.Alıyev deyib ki, bu səfər yaxşı bir fonda gerçəkləşib. O qeyd edib ki, hər iki dövlət ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış edirlər: "Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində Ukrayna, eləcə də digər dövlətlər zamanında gərəkən prinsipiallığı nümayiş etdirsəydi, bu gün onlar eyni problemlə üzləşməzdi. Təəssüf ki, tarixi geriyə qaytarmaq olmur və həm Azərbaycan, həm də Ukrayna mövcud reallıqla üz-üzədir. Bu səbəbdən də hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi həm anlaşılandır, həm də qaçılmazdır. Səfərin diqqət çəkən məqamlarından biri də budur ki, Ukrayna Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Ukraynada geniş özəlləşdirmə prosesinin baş verəcəyini nəzərə alsaq, Azərbaycan da bu prosesdə iştirak etməkdə maraqlıdır. Çünki, Ukraynada limanların özəlləşdirilməsi məsələsi də gündəmdədir. Gələcəkdə mühüm tranzit ölkə, nəqliyyat habı olacaq Azərbaycan bu istiqamətdə öz potensialını daha da artırmaq barədə düşünə bilər”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Ukrayna üçün cəlbedicidir: "Ukrayna üçün bu dəmir yolu öz yüklərini Asiya ölkələrinə çatdırmaq üçün əsas vasitə rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ukrayna ilə hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Vladimir Zelenskinin regionda məhz Azərbaycana səfər etməsi də əlamətdar hadisədir. Bu ondan xəbər verir ki, Ukraynada Azərbaycanın həm regionda və beynəlxalq aləmdə bu gün və gələcəkdə oynadığı rolu dəqiq qiymətləndirirlər. Ümid edirəm ki, bu səfər hər iki dost ölkə arasında əməkdaşlığın daha da dərinləşməsində xidmət edəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə