Yadigar Sadıqlının Müsavatdan istefası mümkünlüyü artır NAMİZƏDLİK QOVĞASI

Yadigar Sadıqlının Müsavatdan istefası mümkünlüyü artır NAMİZƏDLİK QOVĞASI

Başqanlığa keçmiş namizədin adının siyahıda olmaması partiyadaxili vəziyyəti daha da gərginləşdirib

Müsavatın sonuncu qurultayında başnqanlığa namizəd olmuş və Arif Hacılının müdaxiləsi nəticəsində qəsdən uduzdurulmuş Yadigar Sadıqlının hazırkı başqanla və onun ətrafı ilə ziddiyyətləri tükənnmir. Əksinə, yaranmış intriqa daha da dərinləşir və budəfəki səbəb onun adının parlament seçkilərində iştirak edəcək namizədlərin sırasında yer almamasıdır. SİA xəbər verir ki, “Facebook” sosial şəbəkəsi vasitəsi ilə artıq bir neçə gündür ki, A.Hacılını, ümumiyyətlə isə, Müsavatın Divan və Məclis sədrliyini ağır şəkildə ittiham edən Y.Sadıqlı bu dəfə yazıb ki, o Müsavat partiyasının indiki rəhbərliyinin onun namizədliyini dəstəkləməməsinə görə, namizədliyini müstəqil şəkildə irəli sürüb.

“Bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər”

“Onlar (partiya rəhbərliyi – R.N.) mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim”, yazan Sadıqlı boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də müəyyən olunmuş Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürdüyünü billdirib. Maraqlısı da budur ki, Y.Sadıqlı əvvəlcədən bu məsələdə özünü sığortalamağı da unutmayıb. Bu baxımdan o deyib: “Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. “Biz irəli sürəcəkdik, amma özü sürdü” deməsinlər”. Artıq imza vərəqələrini də götürəcəyini yazan müsavatçı funksioner onu da əlavə edib ki, ümumiyyətlə, onun namizədliyini istəməyənlər vaxtilə elə onun üzünə məhkəmələrdə duranlardırlar: “Bilirəm, qeydə almaya bilərlər. Bilirəm, min-bir əngəl törədəcəklər. Bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər. Bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın”.

Səxavət Soltanlı: “Yadigar Sadıqlı partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizli şəkildə namizədliyini verib”

Lakin A.Hacılı klanının üzvü, başqa müavini Səxavət Soltanlı da Y.Sadıqlının cavabını verməyə gecikməyib, hətta qarşı tərəfi riyakar belə adlandırıb. Başqan müavini öz növbəsində belə bir iddia irəli sürüb ki, Məclis toplantısında bütün rayon təşkilatlarına və üzvlərinə açıq formada müraciət edib: “Kim hansı dairədən namizəd olmaq istəyirsə partiyaya bildirsin. Kim ki, müraciət edib müzakirə edilib”, deyə cavab statusu yazan Soltanlı əlavə edib ki, Yadigar Sadıqlı partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizli şəkildə namizədliyini verib.

Onun digər iddiasına görə, Y.Sadıqlı müsavatçıların seçki işinə rəhbərlik edən Gülağa Aslanlıya da heç bir müraciət etməyib: “Baxmayaraq ki, siyahı açıqlandıqdan 2 gün əvvəl partiyanın mərkəzi qərargahında olub. Partiya üzvü partiyaya müraciət etmədən, latent şəkildə DSK-ya gedib namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr istəmək əvəzinə, yenə də partiyanı borclu çıxarmağa çalışır. Namizəd olacağını sosial şəbəkədə belə elan etsəydi, partiya onu rəsmən dəstəkləyəcəkdi. O müraciətindən sonra partiya onu dəstəkləməsəydi, bundan növbəti şou düzəldərdi. O zaman haqlı da olardı”.

Müsavatın sabiq Məclis üzvü Könül Şamilqızı: “İşverən olduğu elə-günə, hamıya bəlli olan birini gətirib Müsavata üzv elədilər”

Daha bir maraqlı məqam bir sıra müsavatçıların və eks-müsavatçıların Y.Sadıqlının mövqeyinə dəstək göstərmələri, üstəlik, partiya rəhbərliyində oturanları ən ağır şəkildə ittihamlar irəli sürmələridir. Məsələn, Müsavat Məclisinin sabiq üzvü Könül Şamilqızı da, sözügedən məsələyə reaksiya sərgiləyib, xüsusilə A.Hacılınnı müavini S.Soltanlını işverən adlandırıb, belə bir adamın partiyaya üzv edilməsini yolverilməz olduğunu deyib: “İşverən olduğu elə-günə, hamıya bəlli olan birini gətirib Müsavata üzv elədilər. Camaat da haqlı olaraq bu biabırçılığın səbəbini soruşur. Cavab verən yoxdur. Biri deyir ki, 2005-də olan işverənliyi 2019-da niyə yada salırsız ki? Biri hələ də suala cavab vermək yerinə həyasızcasına Yadigar Sadıqlını ittiham eləyir. Əmsalı görünməmiş riyakarlıqla qarşı-qarşıyayıq - sadəcə, biz müsavatçılar deyil, bütün Azərbaycan cəmiyyəti...”

Tural Abbaslı: “Biz bu məsələləri qaldıranda xəyanətdə, iqtidarın “dəyirmanına su tökmək”də ittiham eləmişdilər”

Vaxtilə Müsavat daxilindəki haqsızlıqları, avtoritar idarəçiliyi və saxtakarlıqları əsas gətirərək, partiyadan istefa vermiş, hazırda isə “Ağ Partiya” adlı siyasi təşkilata sədrlik edən Tural Abbaslı da öz növbəsində bildirib ki, bu gün Müsavatda baş verənlər illər öncə qoyulmuş saxtakarlıqların məntiqi nəticəsidir. O, müstəqil mətbuatlardan birinə verdiyi açıqlamasında deyib ki, onlar da eyni aqibətlə üzləşiblər: “Partiya 2015-ci il parlament seçkilərində əleyhimizə namizədlər verdi. Məni, Əhədi, Rüfəti dəstəkləmədilər. Biz bu məsələləri qaldıranda xəyanətdə, iqtidarın “dəyirmanına su tökmək”də ittiham eləmişdilər. Arif Hacılının əleyhinə olanları şəfibəyçilər adlandırmışdılar. İndi özlərini şəfibəyçi elan edirlər".

Abbaslı Müsavat partiyasının bugünkü halının təəssüf doğurduğunu bildirib və deyib ki, parlamentdə namizədliyə partiyanın nüfuzlu şəxsləri önə çəkilməlidir. “Onlar partiyada Divan və ya Məclis üzvü seçilməyə bilərlər, normal qarşılanar. Amma cəmiyyətdəki nüfuzları nəzərə alınmalıdır və seçkidə onlar irəli aparılmalıdır”, müxalifətçi partiya sədri bildirib.

Ümumiyyətlə isə, fakt budur ki, nəinki Y.Sadıqlı, eləcə də digər bir sıra müsavatçılar istər A.Hacılının və ona yaxın klanın, istərsə də, sabiq başqan, “MSDM” sədri İsa Qəmbərin təzyiqlərinə məruz qalırlar. Bu baxımdan, Y.Sadıqlının parlament seçkilərindən sonra Müsavat partiyasından istefası reallığı artıq indidən görünməyə başlayıb. Lakin onunla yanaşı, digər etirazçı müsavatçıların da kütləvi istefaları seçkilərdən sonra baş tutacaq. Bu isə, bütövlükdə, köhnəlmiş, heç bir daxili islahatlar keçirməmiş Müsavat partiyasının siyasi arenadan silinməsi prosesini daha da sürətləndirəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə