"Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir" ŞƏRH-ÖZƏL

"Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir" ŞƏRH-ÖZƏL

" Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkə olmaqla yanaşı, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq var. Məhz bunun nəticəsidir ki, Vladimir Zelenski Ukraynanın Prezidenti seçiləndən sonra ilk rəsmi səfərini MDB ölkələrindən məhz Azərbaycana edib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Ukrayna prezidentinin Azərbaycana səfəri qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişafına şərait yaradacaq: “Bildiyiniz kimi 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb. BMT, Avropa Şurası, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna ənənəvi olaraq bir- birinə qarşılıqlı dəstək verirlər. Eyni zamanda, iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli cinayətlərlə mübarizə sahəsində də fəal əməkdaşlıq edir”.

Beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birinin mövqeyini dəstəklədiyini deyən politoloq söyləyib ki, Azərbaycan və Ukraynanı birləşdirən cəhətlərdən biri oxşar problemlərinin olmasıdır: “Bildiyiniz kimi hər iki ölkə torpaqlarının işğalından əziyyət çəkir. Lakin əsas məqam Həm Azərbaycan həm də Ukraynanın bir-birilərini dəstəkləməsi, problemin həllində hüququn aliliyinə önəm verməsidir”.

İ. Vəlizadə iki ölkə arasında bir sıra sahələri əhatə edən əməkdaşlıqdan bəhs edərək Azərbaycan və Ukrayna münasibətlərinin əsas istiqamətini iqtisadi-ticari əməkdaşlıq tutduğunu dilə gətirib.

O deyib ki, təkcə 2019-cu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz artaraq 712 milyon ABŞ dollardan çox olub: “Hesab edirəm ki, Ukrayna prezidentinin Azərbaycan səfəri bu əlaqələrin daha da inkişafı, gələcək prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. İnanırıq ki, Bakıda aparılan müzakirələr iki ölkə arasında əlaqələrin daha da güclənməsinə mühüm töhfə verəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə