Yadigar Sadıqlıdan Arif Hacılıya: “Müsavatı günü-gündən biabır edirsiniz!” İTTİHAM

Yadigar Sadıqlıdan Arif Hacılıya: “Müsavatı günü-gündən biabır edirsiniz!” İTTİHAM

Müsavat partiyasının seçkilərə qatılmaq qərarının ardınca, partiyada daxilində qarşıdurmalar səngimir. Belə ki, bu dəfə namizədlər ətrafında səs-küy yaranıb və bu səs-küyün parlament seçkilərinə qədər artacağı da istisna olunmur. SİA xəbər verir ki, Müsavat başqanının sabiq müşaviri Yadigar Sadıqlı “Facebook” profilində paylaşım edib və başqan Arif Hacılını bir sıra ittihamlara məruz qoyub. Belə ki, Müsavat partiyasını 88 saylı seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Aqil Mahmudov ətrafında gedən müzakirələri izlədiyini yazan Yadigar Sadıqlı ona qarşı ittihamlara cavab olacaq alababat bir arqument görmədiyini də qeyd edib. Onun fikrincə, həmin şəxs 2005-ci ildə həbs olunan Ruslan Bəşirliyə qarşı yalan ifadələr belə veribmiş: “Ən maraqlısı da odur ki, Ruslan Bəşirlinin vəkili Müsavat partiyasının indiki başqan müavini və divan üzvü Osman Kazımov olub. Yəni "bilməmişik", "xəbərimiz olmayıb" kimi arqumentlərə yer qalmır. Üstəlik, Osman Kazımov da indi Ruslan Bəşirliyə yazır ki, 2005-də olan şey 2019-da niyə yadına düşüb. Görəsən, bu hadisənin Aqil Mahmudov Müsavatdan namizəd olanda deyil, nə zaman xatırlanılacaqdı?"

“Hansı səbəb, hansı motiv sizi məcbur edir belə adamı partiyaya qəbul edib, hələ namizədliyini irəli sürəsiniz?”

Yadigar Sadıqlı statusunda partiya rəhbərliyinə suallar da ünvanlayıb: "Niyə axı, niyə? Hansı səbəb, hansı motiv sizi məcbur edir belə adamı partiyaya qəbul edib, hələ namizədliyini irəli sürəsiniz? Ziyanı göz önündə olan bu addımın uduşu nədir?”

Keçmiş başqan müşaviri bu dəfə də suallarının cavabsız qalacağına əmin olduğunu bildirib və əlavə edib ki, Arif Hacılı uzağı onu deputat olmaq üçün bu cür fikirlər səsləndirməkdə ittiham edəcək: “Bilirəm, heç nəyə cavab verməyəcəksiniz. Əksinə, Arif Hacılı daxildə təbliğat aparacaq ki, Yadigar deputat olmaq üçün Müsavata (rəhbərliyə yox, Müsavata!) hücum edir. Ölüm də fəaliyyəti var axı... Bəlkə İsa Qəmbər "mübarizə hakimiyyətlə Müsavat arasında gedir" kimi növbəti aforizm də deyəcək. Amma bununla vəziyyət dəyişmir ey, Müsavatı günü-gündən biabır edirsiniz".

Göründüyü kimi, müsavatdaxili çaxnaşmalar hətta seçkilər ərəfəsində də davam edir və bu reallıq eyni zamanda daha bir faktı təsdiq edir ki, bu xəmir hələ çox su aparacaq, hətta seçkilərə qədər, xüsusilə də seçkilərdən sonra adıçəkilən siyasi təşkilatdan qopmaların, qarşıdurmaların, ziddiyyətli mövqelərin sayı artmaqda davam edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə