Serj Sarkisyan azərbaycanlı azyaşlı uşağın erməni əsgəri tərəfindən öldürülməsi faktını təkzib etdi

Serj Sarkisyan azərbaycanlı azyaşlı uşağın erməni əsgəri tərəfindən öldürülməsi faktını təkzib etdi

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie, Robert Bradtke, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. SİA-nın xəbərinə görə, bu barədə xəbəri Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Xəbərə əsasən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlar müzakirə olunub. Serj Sarkisyan həmsədrlərə 5 martda Soçidə əldə olunmuş razılaşmalar çərçivəsində danışıqları davam etdirməyə hazır olduğunu deyib.

 

Görüşdə həmçinin qoşunların təmas xəttində silahlı insidentlərin sayının artması halları fonunda 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun snayper atəşi ilə öldürülməsi faktı müzakirə olunub. Ermənistan prezidenti azyaşlı uşağın erməni əsgərləri tərəfindən öldürülməsini təkzib edib: "Bu ittihamlar böhtan xarakteri daşıyır, çünki mülki insanlara, xüsusilə uşağa atəş açmaq erməni əsgəri tərəfindən törədilə bilməz. Çünki bu erməni əsgərinin mənəvi obrazına ziddir. Bu hadisə ilə bağlı ittihamlar boş sözlərdir, çünki qeyd olunan ərazidə belə bir hadisənin baş verməsi texniki cəhətdən mümkün deyil".

 

Eyni zamanda həmsədrlər səfər çərçivəsində Dağlıq Qarabağa son qiymətləndirici missiyanın yekun hesabatını Ermənistan prezidentinə təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə