Beynəlxalq Diaspor Mərkəzinin nümayəndə heyəti Türkiyəyə səfərə gedir

Beynəlxalq Diaspor Mərkəzinin nümayəndə heyəti Türkiyəyə səfərə gedir

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) İdarə Heyətinin nəzdində yaradılmış Azərbaycanlıların Deportasiyası və Soyqırımını araşdıran İşçi Qrupu ilə birgə genişləndirilmiş toplantısı keçirilib. SİA-ya BDM-in mətbuat xidmətindən verilən məlumata görə, toplantıda İşçi Qrupu tərəfindən hazırlanmış elmi, ədəbi-bədii, sənədli-xronikal filmin ssenarisi müzakirə olunub və əlavə olunmuş təkliflərlə deportasiya və soyqırımla bağlı filmin çəkilişinə qərar verilib.
Daha sonra Azərbaycanın igid oğulları Abbasqulu Bəy Şadlinski, Soltan Bəy Əlipaşa oğlu və Nuru Paşanın xatirələrinin əbədiləşdirilməsi ilə bağlı müvafiq dövlət strukturlarına müraciətin qəbul olunması ilə bağlı qərar qəbul edilib.
İdarə Heyətinin toplantısında son zamanlar cəbhə bölgəsində tez-tez atəşkəsin pozulması və bu günlərdə ermənilər tərəfindən 9 yaşlı Fariz Bədəlovun şəhid edilməsi müzakirə olunub. Ermənilərin uşaq qatili olduğu toplantıda qeyd edilərək, bu barədə dünya ictimaiyyətinə müraciət qəbul olunub. Eləcə də, üzümüzə gələn həftənin sonlarında idarə heyətinin üzvləri tərəfindən Fariz Bədəlovun ailəsinin ziyarət olunması qərara alınıb.
İrəvan departamenti tərəfindən hazırlanmış Azərbaycan Resbuplikasının Milli Məclisinə təqdim edilməsi nəzərdə tutulan deportasiya və soyqırımla bağlı təkliflər paketi müzakirə olunaraq qəbul edilib. İdarə heyətinin gündəliyinə çıxarılan məsələlər ətrafında sədr İsmayıl Ağayev, sədrin birinci müavini, professor Vaqif Arzumanlı, sədr müavini akademik Vəli Əliyev, BDM-in İrəvan departamentinin rəhbəri Əziz Ələkbərli, BDM-in nəzdində yaradılmış işçi qrupunun rəhbəri Cümşüd Nuriyev, işçi qrupunun üzvü Şeyx Əbdül Mahmudbəyov, BDM-in Avropa təmsilçisi Azər Kərimov, BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev, tarixçi Nazim Tapdıqov, yazıçı Nəsibə İsrafilqızı, BDM-in Aparat rəhbəri Samir Adıgözəlli və başqaları müzakirələrdə çıxış edərək məsələlər ətrafında təkliflərini veriblər.
İdarə Heyətinin toplantısında Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək BDM-in qaldırdığı məsələlərin aktuallığını nəzərə alaraq, QHT-lərin bu kimi əhəmiyyətli təkliflərini dəstəkləyəcəyini bildirib. Toplantının sonunda qarşıdan gələn Novruz Bayramı münasibətilə BDM nümayəndə heyəti adından Dünya Azərbaycanlılarına təbrik ünvanlanıb.
Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti Türkiyəyə səfər edəcək. 16-20 mart 2011-ci il tarixlərində səfərdə olacaq nümayəndə heyəti Çanaqqala zəfərinin 96-cı ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək və İstanbulda işgüzar görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə