“Heydər Əliyev tarixə elə möhür vurub ki, Onu inkar etmək istənilən siyasətçi üçün intihar deməkdir” Rasim QULİYEV

“Bizim müstəqilliyimiz əbədidir, dönməzdir”

Heydər Əliyev

"Azərbaycan xalqının azadlıq mübarizəsi, keçən əsrdən addım-addım keçdiyi yolda mənəvi-fiziki işgəncələrə dözərək milli mənliyin təsdiqi və müstəqilliyimizin qazanılması, milli-müstəqil dövlət quruculuğu prosesində xalqına bağlı olan vətənpərvər, təcrübəli siyasət və dövlət xadimi Heydər Əliyevin rolu tarixin və hadisələrin ayrı-ayrı dönəm və kəsimlərində faktlar üzrə müxtəlif prizmalardan araşdırılıb öyrənilməyə layiqdir və sözsüz ki, zaman-zaman bu proseslər tarixi fraqmentlər və hadisələrin səbəb-nəticə əlaqəsi bağlılığının araşdırılması, təhlil olunması, nəticələndirilərək örnək alınması baxımından vacibdir". Bunu SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspert bildirib ki, uzaqgörən, müdrik, vətənpərvər, milli təəssübkeşlik, cəsarət və bütün xarakterik keyfiyyətləri sevgi və məhəbbətlə, ədalət və mütəvazi sadəliklə ifadə olunan Heydər Əliyev Azərbaycan xalqı və xüsusən uzun zamandan sonra bünövrəsini və əsas sütunlarını qurduğu, ucaltdığı müstəqil Azərbaycan dövlətinin ümumilli lideri və dahi şəxsiyyəti məqamına yüksəldi: "Xalqın lideri Azərbaycançılıq ideologiyası ətrafında xalqı birləşdirdi, dahi dövlət xadimi isə sarsılmaz möhkəm əsaslar üzərində bir usta memar kimi bu gün 6-7 əsrlik zəngin və kəsilməz dövlətçilik ənənəsi və təcrübəsi olan dövlətlərlə bütün idarəçilik parametrlərində rəqabət apara bilən və hətta müsbət nümunə göstərilməyə qadir olan qüdrətli müstəqil Azərbaycan dövlətini yaratdı.

Milli mənliyin təsdiqi, müstəqilliyin əldə olunması və müstəqil dövlət quruculuğu, eyni zamanda çox vacib olan siyasi varislik prinsipinin qorunub əməl olunması və ötürülməsi cəmiyyətin, dövlətin və xalqın sabit templə ritmik inkişafını şərtləndirən yarım əsrdən çox zamanı əhatə edən bir dövrü bir xalqın əlindən almağa cəhd edən siyasətçi, yaxud hansısa bir qrup özünə intihar forması seçməkdən başqa heç nə edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə