BDM genişləndirilmiş toplantı keçirib

BDM genişləndirilmiş toplantı keçirib

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) idarə heyətinin, mərkəzi nəzdində yaradılmış azərbaycanlıların deportasiyası və soyqırımını araşdıran işçi qrupu ilə birgə genişləndirilmiş toplantısı keçirilib. BDM-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıda işçi qrupu tərəfindən hazırlanmış elmi, ədəbi-bədii, sənədli-xronikal filmin ssenarisi müzakirə olunmuş və əlavə olunmuş təkliflərlə deportasiya və soyqırımla bağlı filmin çəkilişinə qərar verilib. Daha sonra Azərbaycanın igid oğulları Abbasqulu Bəy Şadlinski, Soltan Bəy Əlipaşa oğlu və Nuru Paşanın xatirələrinin əbədiləşdirilməsi ilə bağlı müvafiq dövlət strukturlarına müraciəti qəbul olunması ilə bağlı qərar qəbul edilib.

İdarə heyətinin toplantısında son zamanlar cəbhə bölgəsində tez-tez atəşkəsin pozulması və bu günlərdə ermənilər tərəfindən 9 yaşlı Fariz Bədəlovun şəhid edilməsi müzakirə olunub. Ermənilərin uşaq qatili olduğu, toplantıda qeyd edilərək, bu barədə dünya ictimaiyyətinə müraciət qəbul olunub. Eləcə də üzümüzə gələn həftənin sonlarında idarə heyətinin üzvləri tərəfindən Ağdamda yerləşən Fariz Bədəlovun ailəsinin ziyarət  olunması qərara alınıb. İrəvan departamenti tərəfindən hazırlanmış Azərbaycan Resbuplikasının Milli Məclisinə təqdim edilməsi nəzərdə tutulan deportasiya və soyqırımla bağlı təkliflər paketi müzakirə olunaraq qəbul edilib.

İdarə heyətinin gündəliyinə çıxarılan məsələlər ətrafında sədr İsmayıl Ağayev, sədrin birinci müavini, professor Vaqif Arzumanlı, sədr müavini akademik Vəli Əliyev, BDM-in İrəvan departamentinin rəhbəri Əziz Ələkbərli, BDM-in nəzdində yaradılmış işçi qrupunun rəhbəri Cümşüd Nuriyev,  işçi qrupunun üzvü Şeyx Əbdül Mahmudbəyov, BDM-in Avropa təmsilçisi Azər Kərimov, BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev, tarixçi Nazim Tapdıqov, yazıçı Nəsibə İsrafilqızı, BDM-in Aparat rəhbəri Samir Adıgözəlli və başqaları müzakirələrdə çıxış edərək məsələlər ətrafında təkliflərini veriblər.

İdarə heyətinin toplantısında Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək BDM-in qaldırdığı məsələlərin aktuallığını nəzərə alaraq, QHT-lərin bu kimi əhəmiyyətli təkliflərini dəstəkləyəcəyini bildirib. Toplantının sonunda qarşıdan gələn Milli Novruz Bayramı münasibətilə BDM nümayəndə heyəti adından Dünya azərbaycanlılarına təbrik ünvanlanıb.

Sabah Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti Türkiyəyə səfər edəcək. 16-20 mart 2011-ci il tarixlərində səfərdə olacaq nümayəndə heyəti Çanaqqala zəfərinin 96-cı ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək və İstanbulda işgüzar görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə