Milli Məclisin bu gün keçiriləcək iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair hesabatı dinlənilib. SİA-nın xəbərinə görə, Konstitusiyaya uyğun olaraq, hər il parlamentin yaz sessiyasının beşinci iclasında hökumətin hesabatı dinlənilir.
Müzakirələr zamanı deputatlardan ilk çıxış edən Məlahət İbrahımqızı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair hesabatın əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu və təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlandığını bildirib. Eyni zamanda millət vəkili təmsil etdiyi rayonun problemlərinə diqqəti çəkib. Onun sözlərinə görə, Şəmkir rayonunun kəndlərində imkanlı şəxslərin hesabına su-artezan quyuları tikilib: "Amma təəssüflər olsun ki, "Azərenerji"yə müraciətlərə baxmayaraq, həmin artezanları balansına götürmür. Bu isə insanlarda müəyyən narazılıqlar yaradır. Mən burada fürsətdən istifadə edərək, hökumətdən bu məsələni diqqətdə saxlamasını xahiş edirəm".
Söz alan vitse-spiker Bahar Muradova isə sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunduğunu, məntiqi ardıcıllığın təmin edildiyini deyib. Eyni zamanda millət vəkili tribunadan Ermənistan prezidenti Serj Sərkisyana və onun həyat yoldaşına müraciət etdi. Bahar Muradova müraciətində son günlər erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlovun qətlini pisləyərək Sərkisyanın həyat yoldaşını Ermənistanın uşaq qatili olmasını dayandırmağa çağırıb: "Mən Azərbaycan parlamentinin vitse-spikeri kimi Ermənistan prezidenti Serj Sərkisyana və onun xanımına müraciət edirəm: öz xalqınızı uşaq qatili olmaqdan çəkindirin!".
Onun sözlərinə görə, bu hadisənin prezidentlərin Soçi görüşündən sonra olması təsadüfü deyil: "Öldürülən hərbçi deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda səfərdə olan ATƏT sədrinə müraciət edirəm. Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək verəcəksiniz? Biz hər dəfə bu məsələləri qaldıranda tərəflər arasında etimadın təmin olunmasından danışırlar? Bundan sonra qarşı tərəfə necə etimad göstərmək olar?".
Növbəti çıxış edən Elton Məmmədov isə hesabatın qaneedici olduğunu vurğulayıb. Onun sözlərinə görə, ötən il ərzində Azərbaycan və region üçün əhəmiyyətli yollar çəkilib: "Yeni yolların inşası, dəmir yollarının çəkilişi sahəsində mühüm uğurlar əldə edilib ki, bunlar da dövlət başçısının diqqət və tapşırıqları sahəsində həyata keçirilib".
Qubadan seçilən deputat Yevda Abramov diqqəti Qubanın Qonaqkənd yaşayış məntəqəsinin problemlərinə yönəldib. Y.Abramov deyib ki, Qonaqkənddə nə uşaq bağçası var, nə də tibb məntəqəsi, məktəb isə yanıb, yolları həddindən artıq bərbad vəziyyətdədir: "Kəndə verilən elektrik enerjisini daşıyan işıq dirəkləri 20 ildir, dəyişdirilməyib. Bu səbəbdən elektrik naqilləri tez-tez qırılıb yerə düşür, hətta bir dəfə belə hadisə zamanı azyaşlı uşağı cərəyan vurub öldürüb. Təsəvvür edirsinizmi ki, XXI əsrdə bu nə deməkdir? Qonaqkənd sanki zəlzələdən çıxan xaraba yaşayış məntəqəsini xatırladır". Deputat aidiyyətı qurumların rəhbərlərini qaldırdığı məsələlərə diqqət yetirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB