“Qadınlarımız bələdiyyə seçkilərinə hazırdır” – MƏHƏBBƏT İBRAHİMOVA

“Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə dekabrın 23-nə təyin edilmiş növbəti bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülür”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nəriomanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova sözügedən mövzu ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində, eləcə də seçki iştirakçılarının maarifləndiriməsində və fəaliyyətlərinin təkmilləşdirilməsində hüquqi çərçivə və təkmil normativ-hüquqi baza da əhəmiyyətli rol oynayır. O cümlədən, ölkəmizdə keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyətin maraq dairəsində olaraq, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə xarakterizə olunub.

“Bələdiyyə seçkilərində daha əvvəlki seçkilərdə olduğu kimi qadınlarımız çox aktivlik göstərirlər”, deyə qeyd edən Məhəbbət İbrahimova əlavə edib ki, bu reallıq eyni zamanda ölkəmizdə aparılan uğurlar qadınlar siyasətinin bariz təcəssümüdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də, cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında cəmləşiblər. Hazırda YAP üzvlərinin 40 faizdən çoxunu qadınlar təşkil edir: “Qadınların bələdiyyələrdə təmsil olunması günün tələbidir. Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan, qadınların yerli özünüidarəetmə orqanlarında iştirakı qadın ədalətinin, şəfqətinin, diqqətinin bu quruma gətirilməsi deməkdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bu gün qadınlarımız üçün əsl nümunədir”.

“Ötən bələdiyyə seçkilərindən qadınların fəallığı 10 dəfədən çox artıb”, deyə xatırladan YAP Nəromanov rayon təşkilatının Qadınlar Şurasının sədri həmçinin bildirib ki, bu artım qadınlarımızın fəallığı, dünyagörüşü, həyata baxışı deməkdir: “Yeni Azərbaycan Partiyasını bələdiyyə seçkilərində təhsilli, təşkilatçılıq bacarığına malik, əhali arasında özünəməxsus nüfuzu və hörməti olan qadınlarımız, gənclərimiz təmsil edirlər”.

2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınların cəmi 4 faiz olduğunu xatırladan Məhəbbət İbrahimova hazırda bu göstəricinin 30 faizə qədər yüksəldiyini və bu qadınların böyük əksəriyyətinin YAP-ın üzvləri olduğunu bildirib, partiya fəallarını dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində fəal olmağa çağırıb: “İnanırıq ki, ölkəmizin, dövlətimizin güclənməsində, inkişaf və tərəqqisində qadınlarımız bundan sonra daha fəal olacaqlar, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, öz uğurlu ictimai-siyasi fəaliyyətlərini aparacaqlar. Bütün bunlar eyni zamanda demokratiyanın, şəffaflığın bariz göstəricisidir ki, bizlər bundan qürur duyur və fərəhlənirik”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə