Danimarkada yaşayan azərbaycanlılar 9 yaşlı Ağdam sakininin öldürülməsi ilə bağlı BMT-yə və Danimarka Parlamentinə müraciət ediblər

Danimarkada yaşayan azərbaycanlılar 9 yaşlı Ağdam sakininin öldürülməsi ilə bağlı BMT-yə və Danimarka Parlamentinə müraciət ediblər

Danimarka Azərbaycanlılarının "Vətən" Cəmiyyəti 9 yaşlı Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən güllə ilə başından vurularaq öldürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Muna və Danimarka Parlamentinə məktubla müraciət edib.

SİA-nın xəbərinə görə, məktubda 9 yaşlı Fariz Bədəlovun öz evinin həyətində oynadığı vaxt Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmuş Şıxlar kəndindən Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən başından güllə ilə vurulduğu, xəstəxanaya çatdırılmasına baxmayaraq onun həyatını qurtarmağın mümkün olmadığı bildirilir.

Müraciətdə qeyd olunur ki, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən sonra başlanıb. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20%-ni işğal ediblər.
1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında saziş imzalanıb və hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Məktubda Ermənistanın Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etmədiyi vurğulanır.

Müraciət müəllifləri qeyd edirlər ki, erməni tərəfinin atəşkəsi pozması artıq heç kəsdə təəccüb doğurmur. Təkcə ötən ay ərzində Ermənistan hərbi birləşmələri atəşkəs rejimini 50 dəfədən artıq pozmuş, bunun nəticəsində iki nəfər Azərbaycan əsgəri həlak olmuş, iki nəfər də yaralanıb. Yanvar ayında da eyni sayda əsgər həlak olmuş və yaralanıb.

Nə qədər acınacaqlı olsa da cəbhə xəttində əsgərlərin həlak olması gözləniləndir, lakin uşağın snayper tərəfindən öldürülməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki durumdan asılı olmayaraq, yolverilməzdir.
Biz BMT-dən xahiş edirik ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməsi və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxması üçün Ermənistana təzyiq göstərsin.

Bütün xəbərlər Facebook səhifəmizdə