2010-cu ildə 14 polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib

2010-cu ildə 14 polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib
Ötən il 14 polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, 2010-cu ildə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin və ATƏT-in Bakı ofisinin nümayəndələri tərəfindən şəhər, rayon polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının təmini məqsədi ilə 348, bilavasitə İnsan Hüquqları üzrə Ombudsman tərəfindən 146 monitorinq həyata keçirilib. Xidmət vəzifələrinin yerinə yetirilməsi prosesində qanunçuluğa, insan hüquq və azadlıqlarına riayət edilməsi məsələləri də ciddi nəzarətdə saxlanılıb. Belə ki, ötən il insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkar edilən 174 fakt üzrə 281 əməkdaş barəsində ciddi intizam tənbehi görülüb, 14 nəfər xidmətdən xaric edilib.
Eyni zamanda Azərbaycan və Rusiya daxili işlər orqanları tərəfindən həyata keçirilən birgə əməliyyat tədbirləri nəticəsində axtarışda olan 16 nəfər həbs edilib. Terrorçu təşkilatların üzvlərinin müəyyən edilməsi üzrə ötən ilin aprel ayında Azərbaycan və Rusiya daxili işlər orqanlarının "Sərhəd" şərti adı altında keçirdiyi birgə əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində axtarışda olan 16 təqsirləndirilən şəxs tutulub, qanunsuz saxlanılan 60 ədəd odlu silah, 25 ədəd əl qumbarası və 4 mindən çox müxtəlif hərbi sursat müsadirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə