Azərbaycanın və Rusiyanın “Beyin Mərkəzləri” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu (RSAİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sənədi Azərbaycan Respublikasının Prezidenti yanında SAM-ın direktor müavini Gülşən Paşayeva və RSAİ-nin direktoru Leonid Reşetnikov imzalayıb. İmzalanmış sənədi yüksək qiymətləndirən tərəflər bu sənədin iki ölkənin "beyin mərkəzləri" arasında əlaqələrin inkişafında yeni mərhələ açacağına əminliyini bildiriblər.
Qeyd edilib ki, bu müqavilə iki dövlətin ekspert birliklərinin nümayəndələrinin əməkdaşlığına gözəl nümunədir və Azərbaycan-Rusiya əməkdaşlığının çoxşaxəli spektrində öz layiqli yerini tapacaqdır. SAM və RSAİ iki ildən çoxdur ki, sıx əməkdaşlıq edir. Əməkdaşlıq haqqında Memorandumun imzalanması ekspertlərin qarşılıqlı fəaliyyətinin məntiqi davamıdır. Bu əməkdaşlıq çərçivəsində RSAİ 2000-ci ildə Azərbaycana aid geniş tədqiqat aparıb. Həmçinin, 2009-cu ildə Moskvada və 2010-cu ildə Bakıda SAM və RSAİ Azərbaycan-Rusiya münasibətlərinə dair dəyirmi masalar keçiriblər.
Habelə 2010-cu ilin may-iyun aylarında Rusiya Strateji Araşdırmalar İnstitutunun Qaradəniz-Xəzər informasiya-analitik mərkəzinin rəhbəri(Rostov-na-Donu şəhəri) Eduard Popov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı çərçivəsində elmi tədqiqatlar aparıb. Bundan əlavə, cari ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma aid birgə tədqiqatlar aparılacaqdır.
Elə həmin gün RSAİ-nin binasında "Azərbaycan-Rusiya əməkdaşlığının aktual məsələləri" mövzusunda dəyirmi masa keçirilib. Diskussiyalarda Azərbaycan Prezidenti yanında SAM-ın direktor müavini Gülşən Paşayeva, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya yəminatı şöbəsinin aparıcı məsləhətçisi Fərhad Məmmədov, SAM-ın məsləhətçi-eksperti Heydər Mirzə, eləcə də RSAİ-nin rəhbəri L.Reşetnikov, RSAİ-nin direktor müavini İ.Prokofyev və digər ekspertlər iştirak edib. Onlar Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafının müxtəlif aspektlərini müzakirə etmişlər. Məsələn, Ermənistan Azərbaycan münaqişəsinin tənzimlənməsi baxımından Rusiya-Azərbaycan münasibətləri, strateji perspektivdə isə beynəlxalq siyasət, Rusiya və Azərbaycan üçün xarici təhdidlər kimi məsələlər nəzərdən keçirilib.
Martın 15-də SAM-ın nümayəndə heyəti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək "Rusiya-Azərbaycan münasibətləri Cənubi Qafqaz kontekstində" mövzusunda növbəti tədbirdə iştirak edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB