Sənət tariximizə möhrünü vuranlara dövlət qayğısı davamlıdır

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Bu sərəncamlar dövlətin təməlinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Prezidentin imzaladığı sərəncamlar sırasında Azərbaycanın milli-mənəvi dəyərlərinin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi də xüsusi yer tutur. Dövlət başçısının imzaladığı növbəti Sərəncamla milli mədəniyyətimizin inkişafına böyük təkanlar verən, Əlibaba Məmmədovun 90 illiyi qeyd olunacaq. Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirəcək. Sərəncamda göstərilir ki, dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub-saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır.

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Dövlət başçısının daha bir Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin anadan olmasının 140 illiyi qeyd olunacaq. Sərəncama əsasən, böyük söz ustası Məhəmməd Hadinin anadan olmasının 140-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Qeyd edək ki, Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmişdir. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq, onu daim romantik vüsətlə tərənnüm etmişdir. Şairin mətbuat aləminə gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. M.Hadi mətbuatdakı şeirləri ilə oxucuların hörmətini qazanmaqda idi. M.Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. M.Hadi "Həyat", "Füyuzat" və "Bürhani-Tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. O, ən qabaqcıl fikirlərini vətənlə bağlayır, ən dəyərli sözlərini vətəni tərənnüm edərkən işlədirdi. Bir sözlə, vətən surəti M.Hadi üçün əziz idi. Vətənlə qoşa işlətdiyi mövzu isə xalq ilə bağlı idi. Belə ziyalıların həyat və sənət, yaradıcılıq yolu öyrənilir və gənc nəslə təqdim edilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə