Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. SİA-nın xəbərinə görə, bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
İlaxır Çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqal üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB