"Cəmiyyətin gözləntiləri, ümidləri başqadır" ÖZƏL - MÖVQE

“Ümumiyyətlə, Ermənistanın rəsmi şəxslərinin çıxışlarına nəzər yetirsək, görərik ki, real dəyişiklikdən danışmaq hələ tezdir. Nəinki tezdir, ümumiyyətlə, mümkün deyil. Sadəcə olaraq, mənzərə buna imkan vermir”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş görüşünə münasibət bildirərkən deyib.

“Gəlin açıq danışaq, baş nazir Nikol Paşinyan və ümumiyyətlə, Ermənistanın rəhbərliyi çıxışlarında Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı işarə də etmirlər. Yaxud hansısa gedişatlarında işarə də yoxdur ki, nə vaxtsa bunu edə bilərlər. Yəni, işğal olunmuş rayonları Azərbaycana qaytara bilərlər. Bununla bağlı heç bir işarə yoxdur. Digər tərəfdən, ardıcıl olaraq cəbhəyanı rayonlarda və işğal olunmuş ərazilərdə genişmiqyaslı təlimlər keçirirlər. Təlimlərin xarakterinə baxdıqda biz görürük ki, burada hücum və əks-hücüm məşqləri həyata keçirilir. Bunu Ermənistan tərəfi özü də etiraf edir”, - İlqar Vəlizadə bildirib.

Onun sözlərin görə, humanitar addımların reallaşdırılması ilə bağlı cüzi addımlar atılıb: “Belə ki, son həftələr ərzində həm Ermənistanın bir qrup jurnalisti Azərbaycana gəlib, həm də Azərbaycan jurnalistləri Ermənistana və Dağlıq Qarabağa gedib, oradan reportajlar hazırlanıb. Məlumat var ki, Nikol Paşinyanın qərarı ilə Ermənistan nümayəndə heyəti Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) hökumətlərarası komissiyasının 14-cü iclasında iştirak etmək üçün Bakıya göndərilir. Azərbaycanda ardıcıl olaraq, çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsinə baxmayaraq, Ermənistan uzun müddətdir öz nümayəndə heyətini Bakıya yollamırdı. Neçə müddətdən sonra ilk dəfə olaraq, nümayəndə heyəti bu tədbirlərdən birinə gəlir. Amma yenə deyirəm bu kifayət etmir. Cəmiyyətin gözləntiləri, ümidləri başqadır. Bu cür addımlarla uzağa gedə bilmərik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...