Azərbaycanın Birinci Xanımının sənət və sənətkarlara, Azərbaycan muğamlarına və xalq mahnılarına göstərdiyi diqqət davamlıdır

Müasir dövrümüzdə özünün yeni bir inkişaf dövrünü yaşayan Azərbaycan muğamı dövlət tərəfindən qorunur və təbliğ edilir. Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verilir. Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək, bu sənəti nadir əsər tək tamaşaçılara çatdırırlar. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edir. Bu sənətin qocaman, yaşlı və gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçıya təqdim edirlər. Azərbaycan muğam sənətində dəsti-xətti ilə seçilən xanəndə, bəstəkar, xalq artisti, Prezident təqaüdçüsü Əlibaba Məmmədovun xüsusi yeri var. Xanəndə böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab" və başqa muğam - dəsgahlarına möhürünü vurub. Dövlətimiz tərəfindən ömrünü sənətə həsr edən belə insanlara qayğı davamlıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun evində qonaq olması bunun təzahürüdür. Mehriban xanım Əliyevanın Ə.Məmmədovu ziyarəti, sənət xadimlərinə verilən böyük qiymətdir.
Ə.Məmmədovun bununla bağlı təəssüratlarını öyrənmək məqsədi ilə onunla əlaqə saxladıq. O, bu ziyarətin gözlənilməz olduğunu bilirməklə yanaşı, dövlətimiz tərəfindən hər zaman muğam sənətinə, bu sənəti yaşadanlara böyük diqqətin olduğunu vurğuladı. Mehriban xanım Əliyeva kimi bir şəxsiyyətin, insanın evində qonaq olması, onu qürurlandırıb. Ə.Məmmədov Mehriban xanım Əliyevanın Azərbaycan milli musiqisinin və muğamının qorunmasındakı xidmətlərindən danışdı. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyini bildirdi. "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Albomda 24 virtuoz muğam ifaçısının səsləndirdiyi muğam parçaları qədim və zəngin mədəniyyətimiz barədə dinləyicilərdə geniş təsəvvür yaradır. Mehriban xanım Əliyeva o zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verildiyini diqqətə çəkərək bildirib ki, yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə və iştirakınızla birlikdə böyük işlər gördük: "Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəsti-xəttiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da, qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də, böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda, özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm və öyrənmişəm".
Azərbaycan Birinci vitse-prezidenti "Sizin yaradıcılıq irsiniz Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq" fikrinin ifadəsi sənətkarın yaradıcılığına verilən böyük qiymətdir. Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus yeri, xidmətləri olan ustad xanəndələrdən olan Ə.Məmmədov uzun və zəngin yaradıcılıq yoluna malikdir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar və onlarca başqa xalq mahnıları və təsniflər radionun "Qızıl fondu"nda saxlanılır. Azərbaycan muğamı dünya ölkələrində, birmənalı olaraq, qəbul edilir və dünyanın mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur.
"Muğam millətin ruhudur" deyən Ə.Məmmədov ruhu heç vaxt öldürməyin mümkün olmadığını bildirib.
Xalq artisti ölkəmizdə həyata keçirilən uğurlu inkişafı da diqqətə çəkib: Baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?.. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeiriyyət bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var, hamısı Sizə qismət olsun".
Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək, həyata keçirilir, müxtəlif məzmunlu layihələr gerçəkləşir. Ə.Məmmədov Mehriban xanım Əliyevaya "...Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz" deyə bildirməsi əbəs deyildi. Mehriban Əliyevanın genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti bu fikirdə bir daha təsdiqini tapır.
Ömrünün ahıl çağını yaşayan muğam ustadı, təsniflərimizin mahir ifaçısı, Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətkarı Ə.Məmmədovun Azərbaycanın Birinci Xanımının sənət və sənətkarlara, xüsusilə də, Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi bu diqqəti hədsiz sevincinə səbəb olub. Bu, onun həyat yolunun silinməz bir tarixinə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə