“Yeni nəsil Ulu Öndərin ideyaları ruhunda böyüməlidir” Təranə Kərimova

“Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir”. Bu fikirləri SİA-ya YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyil: “Hansısa əlverişli mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq ucalığına qovuşurlar”.

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədrinin sözlərinə görə, dərin zəka sahibi olan Ümummilli Liderimiz Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir: “Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsi olmaqla, şanlı epoxa təşkil edir. Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyev böyük strateq kimi bir-biri ilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Çünki mübaliğəsiz demək olar ki, keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır”.

“Onun uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi”, deyə qeyd edən Təranə Kərimovaya görə, hər bir azərbaycanlı çalışmalıdır ki, yeni böyüyən nəslin yaddaşında böyük öndərimizin xalqımız qarşısında gördüyü xidmətlər əbədi olaraq həkk olunsun, onlar məhz Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda böyüsün.

“Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyev ideyaları ətrafında formalaşmış müstəqillik, inkişaf və tərəqqi, eləcə də Azərbaycançılıq siyasətini uğurla davam etdirir”, deyə vurğulayan Təranə Kərimova sonda bildirib ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artması, reallaşdırılan struktur, kadr və s. istiqamətlərdəki islahatlar da həmin gerçəkliyi kifayət qədər sübut etməkdərir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə