Rövşən Novruzoğlu: “Rusiya Azərbaycan və Ermənistana yeni vasitəçi qurum təklif edib” - MÖVQE
ATƏT-in Minsk qrupunun hər bir həmsədri eyni zamanda öz ölkəsinin diplomatıdır, onlar vasitəçi olmaqla yanaşı həm də təmsil etdikləri ölkələrin maraqlarını təmsil edir. SİA-ya açıqlamasında bu sözləri politoloq Rövşən Novruzoğlu ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin, eyni zamanda həmsədrlərin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.
Dünyada 8 nəzarətsiz zonanın olduğunu deyən R.Novruzoğlu bildirib ki, onlardan biri də Dağlıq Qarabağdır: "Bura narkotik maddələrin istehsalı və tranziti zonasıdır. Rusiya Federasiyasına məxsus süni peyklər də Dağlıq Qarabağda narkotik plantasiyaların və narkolaboratoriyaların fəaliyyət göstərdiyini qeydə alıb. Dağlıq Qarabağ ərazisində həm də terror təşkilatları təlim keçir və formalaşır. Topladığımız məlumata görə, həmin terrorçulardan bir hissəsi Liviyada Qəddafinin muzdlularına qoşulmaq üçün Dağlıq Qarabağdan hərəkətə başlayıb. Dağlıq Qarabağ Qafqazda yanar bir ocaqdır və onu söndürmək mümkün deyil".
ATƏT-in Minsk qrupunda yaxın vaxtlarda böyük dəyişikliklərin olacağını deyən politoloq qurumun ömrünü başa vuracağını da istisna etmədiyini vurğulayıb: "Fikrimcə, yeni bir qurumun yaradılması düşünülür. Minsk Qrupu isə öz funksiyasını artıq başa vurub. Yeni qurumun tərkibində İran, Rusiya, Türkiyə, ola bilsin ki, Gürcüstan da olsun. Ermənistan isə hələ ki, buna getmir. Ermənistan belə bir variantla razılaşarsa, fakt qarşısında qala bilər. Azərbaycanın mövqeyi budur ki, Ermənistanın işğalçı qoşunları Dağlıq Qarabağ və ətraf ərazilərdən çıxmalıdır. Ermənistan isə deyir ki, referendum keçirilməlidir. Bu mövqe də onunla izah edilir ki, Ermənistan dünyanın müxtəlif ölkələrindən Dağlıq Qarabağ və ətraf ərazilərə xeyli sayda erməni yerləşdirib. Həmsədrlərin regiona son səfərini də protokol səfəri adlandırmaq olar. Rusiya Minsk qrupu əvəzinə yeni bir qurumun yaradılmasını təklif edib. Yeni qurumun necə olacağı hələ açıqlanmır. Soçi görüşündə yeni bir qurum təklif olundu, Azərbaycan da, Ermənistan da onu fikirləşir. Həmsədrləri də "sağ olun" deyib yola salacaqlar".
2010-ci ildə 36 ölkənin strateji proqramının dəyişdiyini bildirən R.Novruzoğlu bu ölkələrin təhlükəsizliklə bağlı yeni proqramlarının hazırlandığını deyib. 2000-ci ildə qəbul olunan proqramların 2015-ci ilə kimi nəzərdə tutulduğunu qeyd edən ekspert söyləyib ki, dünyada baş verən geosiyasi proseslər bu proqramları doğrultmayıb: "ABŞ-ın hərbi kəşfiyyat idarəsi rəsmilərindən biri belə bir fikir söyləyib ki, dünyanın 2015-ci ilə kimi nəzərdə tutulan və insan təhlükəsizliyinin əks edildiyi proqram özünü doğrultmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB