“Struktur islahatları ölkəmizin daha güclü və daha qüdrətli olmasına töhfələr verəcək” Nəriman Əliyev

“Struktur islahatları ölkəmizin daha güclü və daha qüdrətli olmasına töhfələr verəcək” Nəriman Əliyev

“Xalqımızın lideri Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxşaxəli islahatlar paketi reallaşdırılır, xüsusilə geniş struktur islahatlarına start verilib”. Bu fikirləri SİA-ya millət vəkili Nəriman Əliyev sözügdən mövzu ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, burada əsas məqsəd iqtisadi idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli inkişaf və tərəqqisini sürətləndirməkdir: “Dünya təcrübəsi də göstərir və sübut edir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının buna siyasi iradə nümayiş etdirdiyi ölkələrdə mümkündür. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. Bu baxımdan, bir daha əminliklə deyə bilərik ki, islahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək”.

“Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır”, deyə ölkə başçısının bu fikirlərini də xatırladan Nəriman Əliyev əlavə edib ki, Azərbaycan xalqı da bunu görür və yüksək qiymətləndirir: “Söz yox ki, xalqımız öz sevimli lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyir. Çünki xalq da görür və bilir ki, Azərbaycanda ötənilki prezident seçkilərindən sonra bütün əsas istiqamətlər üzrə mühüm hədəflər müəyyən edilib. Bu hədəflər ölkə iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək, son nəticədə xalqımızın maddi rifahını daha da yaxşılaşdırmaq və sairdir. Bu hədəflərə çatmaq üçün ciddi struktur və kadr islahatları aparılır”.

Deputat qeyd edib ki, hər bir islahatın uğuru, ilk növbədə, kadrların gəncləşdirilməsi, düzgün seçilməsi və yerləşdirilməsi sayəsində mümkün ola bilər. Azərbaycanda bu istiqamətdə artıq ciddi uğurlu dəyişikliklər baş verir: “Ölkəmizdə yüksək savada, biliyə sahib olan, istedadlı, kreativ gənc kadrlar yüksək vəzifələrə irəli çəkilir. Lakin ona da təəssüf edirik ki, bu gün ölkədə aparılan inkişaf və tərəqqi reallığında özlərini “müxalifət lideri” adlandıran qaragüruhçular dəstəsi bu islahatlara qarşı çıxırlar. Ancaq onların heç vaxt sözləri, rəyləri, səviyyədən kənar düşüncələri xalq üçün maraqlı olmayıb. Belə ki, ortada cənab İlham Əliyevin dönməz, sarsılmaz iradəsi mövcuddur. Əbəs deyil ki, Prezident İlham Əliyev deyib: “Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma, kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

“Beləliklə, ölkəmizdə struktur islahatları geniş miqyas alıb və burada Milli Məclisin də strukturunda dəyişikliklərin edilməsi məsələsi gündəmə çıxıb. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və deputat korpusu tərəfindən təşəbbüs kimi irəli sürülən həmin məsələ dövlətimizin daha da güclənməsində öz mühüm rolunu oynayacaq. Yəni demək istərdim ki, Azərbaycanda struktur islahatları, yeni kadrların irəli çəkilməsi şəffaf şəraitdə baş verir. Məhkəmə-hüquq sistemindən başlayaraq, qanunverici orqana və İcra orqanlarına qədər yeniliklər və qarşıda dayanan prioritetlər də belə deməyə kifayət qədər zəmin yaradır. Beləliklə, xüsusilə vurğulamaq yerinə düşərdi ki, ölkəmizin idarəetmə sistemində həyata keçirilən struktur islahatlarının aparılmasında məqsəd Azərbaycanın dayanıqlı iqtisadi və sosial inkişafını təmin etməkdir. Bütün bunlar isə ölkəmizin daha güclü və daha qüdrətli olmasına, dünyada söz sahibinə çevrilməsinə böyük töhfələr verəcək”.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə