"Telemarafon 2019" -da toplanan “rekord aşağı” miqdarda məbləğ, əslində 2006-cı ildən bu yana ən aşağı göstəricidir və bu da erməni cəmiyyətini ciddi şəkildə düşünməyə cağırır. Əslində unikal bir indiqator sayılan bu göstərici nəinki hakimiyyətin xeyrinə deyil, həm də Ermənistan hakimiyyətinin, Nikol Paşinyan və komandasının dövriyyəyə buraxdığı mifləri tamamilə ifşa edir.
Hətta 10 milyon dollar belə gəlir gətirməyən və əslində utancverici hala çevrilən "Telemarafon 2019" ilk növbədə, Ermənistan hakimiyyətinin, şişirdilmiş erməni inqilabının, Nikol Paşinyanın verdiyi vədlərin boş, cəfəngiyyat olduğunu təsdiqləyir. Bu boşluğu, bu cəfəngiyyatı dərk edən ermənilər bildilər ki, təkcə Ermənistanda yaşayan ermənilər tərəfindən deyil, həm də dünyanın hər yerindən olan ermənilər tərəfindən rəhbər qəbul edilən Paşinyan əslində bir yalançı, bir manipulyatordur və onun sözlərinə boyun əyənlərin səhvə yol verdiyi günün reallığıdır.
Yeri gəlmişkən, indi Ermənistanın hakimiyyəti hesab olunan, təxminən bir il yarım əvvəl müxalifətçi rolunda çıxış edən, keçmiş hakimiyyətləri bütün Ermənistanın maliyyə yığımı baxımından qeyri-qənaətbəxş hesab edən və az avtoritet sahibi olmaqda qınayan şəxslər, fakt budur ki, daha aşağı səviyyədədirlər və hazırki Paşinyan hakimiyyətinin maddi ekvivalenti 10 milyondan da aşağıdır. Hər kəs bilir ki, Ermənistan diasporla təmsil olunur və diasporsuz heç nəyi yoxdur. Bu gün həmişəkindən daha vacib bir məsələyə çevrilən diasporun potensialını səmərəli şəkildə kapitallaşdırmaq üçün ilk növbədə diasporaya hansı ölkəyə sahib olmaq istənildiyini və Ermənistanın hansı məzmuna sahib olacağını izah etmək lazım gəlirdi. Paşinyan səyahətləri, xarici səfərləri, tez-tez qalmaqallı açıqlamaları ilə bu “super vəzifəni” həll etdiyini zənn edirdi. Demək ki, əməlli-başlı yanılıb və erməni baş nazir bu vəzifənin öhdəsindən gələ bilməyib. Daha doğrusu, nə diaspor, nə də ölkə hüdudlarından kənarda yaşayan ermənilər Paşinyanın populizminə məhəl qoymayıblar və qoymaq fikrində də deyillər. Əks halda qəpik-quruş yığılmazdı və əhəmiyyətli dərəcədə maliyyə nəticələri ortaya çıxardı. Deməli, nəticə etibarı ilə boşluğunun doldurulmadığı özünü göstərdi. Hətta bir çoxlarının gözlədiklərinin əksinə olaraq, inqilab nəinki boşluğu doldura bilməyib, həm də Ermənistan ilə diaspor arasındakı boşluğu daha da artırıb.
Nəzərə alsaq ki, 10 milyon erməninin maddi sərvəti həqiqətən böyükdür və onlardan heç olmasa kiçik bir hissəsini "ələ keçirmək" üçün Ermənistan hakimiyyətindən, Paşinyanın komandasından yalnız vədlərinə əməl etmək, xalqı məyus etməmək, birləşdirmək tələb olunurdu. Birləşdirmək əvəzinə isə, Nikol Paşinyan bütün bu müddət ərzində yalnız Ermənistandakı erməniləri deyil, həm də bütün erməni birliklərini parçalamağa, qaralara və ağlara ayırmağa müvəffəq oldu. Qara və ağların psixologiyası və ya dünyagörüşü ilə bir dövlət qurmaq olmaz və belə strategiya quran ölkə də möhkəmlənə bilməz.
Paşinyan komandası, hazırki erməni hakimiyyəti kimlərə qara, kimlərə ağ deyir bunu özü də yaxşı bilmir? Məsələn, sual oluna bilər, Nikol Paşinyanın çağırışlarına qulaq asmayan və onu məyus edən erməni diasporları hakimiyyət tərəfindən “qara” kimi səciyyələnməlidirmi? Məsələnin siyasi nüanslarını nəzərə alsaq görərik ki, əslində, başqa şəkildə mümkün də deyil. Passiv erməni diasporları, əslində, "əks-inqilabi dəyirmana su tökdülər" ki, bu da Ermənistanın yeni qanunvericiliyinə görə bağışlanmır ...
Hər şey göz qabağındadır və əgər özlərinin də dediyi kimi, 10 milyon ermənidən Paşinyan heç 10 milyon dollar da toplaya bilməyibsə, deməli, etibarının hansı səviyyəyə endiyi, onun vəziyyətinin necə acınacaqlı olduğu təkzib edilə bilməz. İl yarım bundan əvvəl Ermənistan ictimaiyyətinə “qızıl dağlar” vəd edən Nikol indi onlara səfalətdən, geriləmədən başqa heç nə verə bilmir. Artıq vəd verməyə də imkanı yoxdur. Çünki, populist çıxış üçün artıq sözü də qalmayıb və hətta buna inanacaq insanın olacağını ağlına belə gətirə bilmir.
Onun ağlından danışmaqda isə hər kəs tərəddüd edir. Çünki, kor divardan tutduğunda özü hamıdan yaxşı başa düşməlidir ki, divar qurtardıqdan sonra onun yola davam edə bilməsi müşkülə çevriləcək. Əgər, Paşinyan bu divarın bitəcəyini nəzərə almayıbsa, deməli, onun korluğundan əlavə ağlla bağlı problemləri də var və kifayət qədərdir. Yox, əgər divardan tuta-tuta il yarım müddətdə hakimiyyətini uzadacağına ümid edib, belə planlaşdırıbsa, bu yenə də ağılla bağlı problemə dəlalət edir.
Nikol Paşinyanın ağılsızlığı və problemləri sözsüz ki, müzakirə mövzusu deyil, amma onun bu dırnaqarası keyfiyyətləri Ermənistandakı mövcud acınacaqlı duruma bilavasitə təsir etdiyi diqqətdən yayınan da deyil . İndi ABŞ-da fəaliyyət göstərən erməni diaspor rəhbərindən, üzvlərindən tutmuş ən adi erməniyə qədər hər biri Nikol Paşinyanın sırımağa çalışdığı yalançı demokratiyanın boş vəd olduğuna ölkədəki məhkəmə sistemində olan ədalətsizliklə, hakimiyyətə müxalif qüvvələrə repressiyaların tətbiq edilməsi ilə və ölkədə hökm sürən digər qanunsuzluqlarla, ədalətsizliklərlə çoxdan əmin olub. Üstəlik, Nikolun Ermənistanın yüksəlişi, problemlərinin həlli barəsində verdiyi sözlərin də quru vədlər, boş sözlər olduğu artıq sirr deyil.
İl yarım bundan öncə nümayişlərdə ağız dolusu danışan, populist vədlər verib insanların ümidlərindən, etibarından sui istifadə edən küçə nümayişçisinin təqdim etdiyi görüntülər su üstündəki köpük misalındadır desək yanılmarıq. Bu görüntülərin, daha doğrusu bənzətmələrin sadəcə bir ilğım olduğu öz təsdiqini çox gözlətməyib və küçə nümayişçisi kimi ortalığa atılıb sonra baş nazir postunu ələ keçirən bir avantüristin vədlərinin reallaşmaması, buna olan ümidlərin belə darmadağın olması su üzərindəki hava qovurcuqlarının partlayıb yoxa çıxmasına bənzəyir. Bu qovurcuqların sonuncusu erməni diasporunun, dünyadakı bütün ermənilərin Paşinyan komandasına etibarsızlığı, Ermənistanın bu yeni hakimiyyətinə etibarsızlığı fonunda, "Telemarafon 2019" –da 10 milyondan az vəsait toplanması ilə partladı. Daha dəqiq desək, Paşinyanın vədlərlə şişirdiyi qovurcuğu diaspor partlatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB