13 mart 2011-ci il tarixində saat 11:20 radələrində Qobustan rayonunun Şıxzəyirli kəndi yaxınlığında püskürmüş Şıxzəyirli palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamentinin və Geoloji Kəşfiyyat Xidmətinin elmi işlər üzrə mütəxəssisləri yerində araşdırma aparıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı palçıq vulkanının püskürməsi nəticəsində külli miqdarda palçıq lavasının ətraf ərazilərə axdığı (bəzi yerlərdə lavanın hündürlüyü 30 santimetrdən 3 metrədək çatmışdır) və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatların əmələ gəldiyi məlum olub.
Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxmış, istilik isə 3 kilometr məsafəyədək hiss olunub.
Püskürmüş Şıxzəyirli palçıq vulkanından təqribən 600-700 metr məsafədə yaşayış evləri yerləşdiyindən əraziyə aidiyyəti qurumlar tərəfindən gün ərzində nəzarət olunur.
Hazırda palçıq vulkanının müxtəlif yerlərində səs-küylə müşayiət olunan qaz çıxır və alovun hündürlüyü 2 metrə çatır.
Təqribən 6-7 ildən bir aktivləşən Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2005-ci ildə püskürmüş, lakin bu dəfəki püskürmə daha güclü partlayışla müşayiət olunub.
Hazırda Ələt qəsəbəsində yerləşən Daşgil və Ayrantökən palçıq vulkanlarında da ciddi aktivlik müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB