Fransanın xarici işlər nazirinə etiraz məktubu göndərilib

Fransanın xarici işlər nazirinə etiraz məktubu göndərilib

Fransa Milli Assambleyasının növbəti iclasında qurumun Fransa-Ermənistan dostluq qrupunun sədri, Avropa Şurası Parlament Assambleyasının sessiyalarında dəfələrlə ölkəmizə qarşı qara yaxan və ermənipərəstliyi ilə ad çıxaran, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdiyinə görə ölkəmiz üçün arzuolunmaz şəxs hesab edilən Milli Assambleyanın deputatı Fransua Roşbulən dünyada özünü yazıq millət kimi qələmə verən ermənilərin halına növbəti dəfə yandığını bir daha sübut edib. Onun A.Jüpeyə ünvanladığı sual Azərbaycanın Fransadakı səfirliyi tərəfindən narazılıqla qarşılanıb.

Səfirlikdən SİA-ya bildiriblər ki, bu məsələnin təfərrüatlarının dəqiqləşdirilməsi istiqamətində səfirlik tərəfindən iş aparılır. Əldə olumuş ilkin məlumatlara görə, Milli Assambleyada deputatlar qarşısında Fransanın xarici siyasətinə dair məsələlərə mövqeyini bildirərkən xarici və Avropa işləri naziri Alen Jüpeyə verilən suallardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Belə ki, Ermənistan üzrə dostluq qrupunun sədri Fransua Roşbulən nazirə "xalqların öz müqəddəratını təyinetmə hüququnun tənzimləmə prosesinə necə tətbiq oluna biləcəyi" ilə bağlı sual ünvanlayıb. Nazir isə cavabında Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçıları tərəfindən Muskoka və Akuilada qəbul edilmiş bəyanatlarda təsbit olunmuş prinsiplərin tənzimləmənin əsasını təşkil etməli olduğunu vurğulamaqla yanaşı, konkret sualın mövzusunu təşkil edən xalqların öz müqəddəratını təyinetmə hüququnu da həllin özülü kimi gördüklərini əlavə edib.

Məsələyə aydınlıq gətirmək məqsədilə dərhal səfir Elçin Əmirbəyov tərəfindən nazir Alen Jüpe ilə görüş istənilib. Lakin nazir A.Jüpe xaricdə səfərdə olduğundan səfirliyin bu müraciətinə cavab verilməyib. Bundan əlavə, nazir A.Jüpeyə səfir tərəfindən etiraz məktubu göndərilmiş və məsələyə aydınlıq gətirilməsi xahiş edilib.

Səfirliyin bu demarşlarının ardınca Fransa Xarici və Avropa İşləri Nazirliyi tərəfindən bəyanat verilib. Cəbhə bölgəsində baş verən insidentlərdən narahatlığın ifadə olunduğu bu bəyanatın sonunda münaqişənin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinin kombinasiyası əsasında həll olunmalı olduğu qeyd edilir.

Səfirlik tərəfindən bu məsələ üzrə tədbirlər davam etdirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə