Dahi Nizami Gəncəvi vəfatının növbəti ildönümündə anılıb - FOTO

Dahi Nizami Gəncəvi vəfatının növbəti ildönümündə anılıb - FOTO

Gəncədə dünya şöhrətli şair, dahi söz ustadı Şeyx Nizami Gəncəvi vəfatının növbəti ildönümündə anılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə Regional Elmi Mərkəzinin nümayəndələri, ziyalılar, yazıçı və şairlər, din xadimləri iştirak edib. Şeyxin ruhuna dualar oxunub.

 

Anım mərasimində bildirilib ki, dünya şöhrətli şair Gəncə başda olmaqla Azərbaycanı bəşəriyyətə tanıdıb. Şeir və poemalarında irəli sürdüyü mütərəqqi, ictimai fikirlər öz əksini tapır. Şeyx digər söz ustadlarından sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında düşüncələri ilə seçilir.

 

Xüsusi olaraq vurğulanıb ki, şair üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olub. O yazılarında irqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edir. Elə əsərlərindən də görünür ki, Nizami Gəncəvinin qəhrəmanları arasında türk, fars, ərəb, çin və digər xalqların nümayəndələrinə rast gəlinir.

 

Həyatının sonuna kimi Gəncədə yaşayan dahi şəxsiyyətin vəfatının mart ayının 12-nə düşməsi aparılan arşdırmaların nəticələrinə dayanır. Belə ki, 1947-ci ildə Şeyxin məqbərəsi üzərində tapılan başdaşının üzərindəki rəqəmlər göstərib ki, hicri və miladi təqvimlə hesablamalara əsasən Şeyx 1209-cu il mart ayının 12-si dünyasını dəyişb.

 

Tədbirdə Nizami Gəncəvinin əsərlərindən parçalar oxunub. Bir daha dünya şöhrətli söz ustadı hörmət və ehtiramla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə