Abid Şərifov və Orucəli Hacıyev Sabirabad rayonunda olublar

Abid Şərifov və Orucəli Hacıyev Sabirabad rayonunda olublar

Kür və Araz çaylarında daşqın nəticəsində qəza vəziyyətinə düşən Sabirabad rayon Ulacalı kənd orta məktəbi əsaslı təmir olunub. SİA-nın Aran bürosunun məlumatına görə, açılış mərasimində baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov iştirak ediblər.

Məktəbin sinif otaqları ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş keçirilib. Rayon rəhbərliyi təbii fəlakətdən ziyan çəkmiş sakinlərə verilən kompensasiyalardan, tikilən mənzillərdən və sosial obyektlər barəsində məlumat verib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən baş nazirin müavini Abid Şərifov bildirib ki, fəlakətdən qısa müddət keçməsinə baxmayaraq ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 3 minə qədər ev və sosial obyekt həm tikilib, həm də yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. Bütün bunlar heç bir başqa dövlətin köməyi ilə deyil, öz ölkəmizin büdcəsi hesabına olunub. Bu həqiqətən ağılagəlməyən həm sürətdir, həm masştabdır. Ola bilər ki, hansısa bir xırda məsələ yaddan çıxa bilər, amma bunu şişirdib faciəyə çevirməyə dəyməz. Bütün problemlərin həll olunması üçün vaxt lazımdır. Prezidentin imzaladığı Sərəncamda hər məsələ öz əksini tapıb. Sadəcə olaraq vətəndaşlarımız bir az dözümlülük nümayiş etdirməlidirlər. Yadınızdadırsa, Saxalində fəlakət zamanı 600 ev dağılmışdır. Böyük Rusiya dövləti 2 il həmin evləri bərpa edə bilmədi. Amma bizdə ən qısa vaxtda çox böyük işlər görülüb və bu davam edəcəkdir.

Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyev də jurnalistlərə açıqlamasında məlumat verib ki, sel basma zonasında 80-ə yaxın sosial obyekt zədələnib. Bu məktəb artıq 50-ci obyektdir ki, əsaslı təmir edilərək təhvil verilib. Sırada 4 əsaslı təmirə ehtiyacı olan məktəblərdə də işlər gedir. 2 ay müddətində podratçılarımız söz veriblər ki, işləri yekunlaşdırıb məktəbləri təhvil verəcəklər. 2 gündür artıq ziyan dəymiş əkin sahələrinə görə vətəndaşlara kompensasiyalar ödənilir.

Xatırladaq ki, Böyükağa Ağayev adına Ulacalı kənd orta məktəbi 1971-ci ildə tikilib istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə