4-10 mart 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qızılağac Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon Qızılağac kənd sakini Musabala Əliyev saxlanılmış və ondan 1 taxta qayıq, 1 taxta qayıq avarı, 1 elektrik gücləndiricisi, 1 akkumlyator və 13 külmə balığı aşkar edilərək götürülüb. Həmin şəxs barəsində müvafiq qaydada akt tərtib olunmuş və əməlində cinayət tərkibi olduğu üçün tərtib edilmiş sənədlər Su Nəqliyyatında Lənkəran Rayon Xətt Polis Şöbəsinə göndərilib.
Mahmudçala Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Biləsuvar rayonu Bəydili kənd sakini Nicat Əzizov və Xırmandalı kənd sakini Şahin Kazımov saxlanılaraq hər birindən 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunublar.
Zaqatala rayonu Donbabinə kəndinin "Qırğıllıbinə" adlanan sahəsində də qanunsuz ovla məşğul olan Zaqatala rayon Masxarabinə kənd sakini Kazım İmamhüseynov saxlanılıb. Ondan 1 ov tüfəngi götürülərək akt və protokol tərtib olunmuş və həmin şəxs 1000 manat məbləğində cərimə edilib.
Oğuz rayonu ərazisində keçirilən reyd zamanı Sincan kənd sakini Mehman Abdulqədirov qanunsuz ov edərkən saxlanılmış və ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilmiş və 1000 manat məbləğində cərimə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB