İsveç Azərbaycan Federasiyasının sədri: “Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalması onun Azərbaycan xalqına qarşı soyqırımı davam etdirməsinə şərait yaradır”

İsveç Azərbaycan Federasiyasının sədri: “Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalması onun Azərbaycan xalqına qarşı soyqırımı davam etdirməsinə şərait yaradır”
9 yaşlı Ağdam rayonu Orta Qərvənd kənd sakini Bədəlov Fariz Arif oğlunun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən güllə ilə vurularaq öldürülməsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətini daha qəddar üsullarla davam etdirdiyini göstərir. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, bu fikir İsveçin Azərbaycan diaspor təşkilatlarının bu ölkənin 1 il əvvəl martın 11-də qondarma erməni genosidini tanımasının ildönümü münasibəti ilə keçirdikləri etiraz aksiyasında səslənib.

Stokholmda parlament binası qarşısında keçirilən etiraz aksiyasında İsveç Azərbaycan Federasiyası, İsveç Azərbaycanlıları Konqresi, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, türk icmasının nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları İsveç parlamentini qondarma erməni genosidini tanıdığına görə qınadıqlarını qeyd edərək əslində soyqırıma Azərbaycan xalqının məruz qaldığını, və ermənilərin törətdikləri əməllərə görə cəzasız qalmaları səbəbindən azərbaycanlılara qarşı genosidin bu gün də davam etdirildiyini vurğulayıblar. Parlamentin məhkəmə olmadığını diqqətə çatdıran nümayişçilər bildiriblər ki, əslində ötən əsrin əvvəllərində ermənilərin guya genosidə məruz qalmaları ermənilərin özlərinin uydurmasıdır və bu məsələnin aydınlaşdırılması tarixçilərin öhdəsinə buraxılmalıdır.

Aksiya iştirakçılarının 5 nəfərdən ibarət nümayəndə heyətini İsveç parlamentinin vitse-spikeri Ulf Kristersson qəbul edib. Görüşdə İsveç parlamentinin qondarma erməni genosidini tanımasına etiraz bildirilib. İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Fariz Bədəlovun Ermənistan snayperi tərəfindən öldürüldüyü barədə məlumat verib və bildirib ki, əsl genosid qurbanları azərbaycanlılardır, ermənilər isə genosidi törədənlərdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgəsində 12 may 1994-cü il tarixindən atəşkəs rejiminin hökm sürməsinə baxmayaraq Ermənistan tərəfinin mütəmadi olaraq atəşkəsi pozması nəticəsində yüzlərlə dinc azərbaycanlı düşmən gülləsindən həlak olduğunu və yaralandığını bildirib.

"ATƏT-in Minsk Qrupunun, ATƏT sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsinin və digər nüfuzlu beynəlxalq təşkilatların və onların nümayəndələrinin cəbhə xəttində atəşkəs rejiminə əməl olunması barədə tələblərinə məhəl qoymayan Ermənistan atəşkəs rejiminin hökm sürdüyü təqribən 17 il ərzində elə gün olmayıb ki, atəşkəsi pozmasın. Ən dəhşətlisi isə budur ki, atəşkəsi pozan ermənilərin əsas hədəfi dinc sakinlər, qocalar, qadınlar, uşaqlar olur", - deyə Səttar Sevigin vurğulayıb.

Federasiya sədri 9 yaşlı azərbaycanlı uşağın öldürülməsinin insan haqlarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud surətdə pozduğunu İsveç parlamentinin vitse-spikerinin diqqətinə çatdırıb. O bildirib ki, dünya birliyinin bu vəhşiliyə göz yumması Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalması onun Azərbaycan xalqına qarşı soyqırımı davam etdirməsinə şərait yaradır. Səttar Sevigin İsveçi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgəsində Azərbaycanın dinc sakinləri - körpə uşaqların, qoca və qadınların Ermənistan snayperlərinin qurbanı olmalarına biganə qalmamağa və erməni tərəfini atəşkəs rejiminə əməl etməyə inandırmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə