Yaponlara zəlzələ xəbərdarlığı bir dəqiqə əvvəl edilib

Yaponiya dünyanın ən yaxşısı olaraq qəbul edilən erkən xəbərdarlıq sistemi sayəsində dünən baş verən zəlzələdən bir dəqiqə əvvəl xəbərdarlıq edilib. SİA-nın Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, erkən xəbərdarlıq sistemi Yaponiyanın dörd bir tərəfindəki təxminən min seysmik stansiya ilə bağlıdır. Bu stansiyalar zəlzələdən əvvəlki sarsıntıları müəyyən edir və sarsıntıların güclü olması ilə bağlı xəbərdarlıq edir.

 

Zəlzələlər öncəsi reallaşan ilk sarsıntılar, ikinci sarsıntılardan daha güclü olması ilə seçilir. Yaponiya Meteoroloji Təşkilatının zəlzələ eksperti Hirohito Naito bildirib ki, sistem olduqca yaxşı işləyib və zəlzələ xəbərdarlığı bütün ölkədə telekanallar, radiolar, mobil telefonlar və e-mail vasitəsilə insanlara çatdırılıb.

 

İlk böyük sarsıntı paytaxt bölgəsində bu xəbərdarlıqdan təxminən 1 dəqiqə sonra hiss edilib. Xəbərdarlıq sistemi 2007-ci ilin sonunda qurulub. İndiyə kimi 17 dəfə zəlzələ xəbərdarlığı edilib. Yaponiyadan başqa Tayvan və Meksikada da erkən xəbərdarlıq sistemləri var. Tayvan və Meksikadakı sistemdən fərqli olaraq Yaponiyada qurulan erkən xəbərdarlıq sistemi ölkəni bütünlüklə əhatə edir. Buna görə də Yaponiya dünyada ən inkişaf etmiş zəlzələ texnologiyasına sahib ölkə olaraq qəbul edilir.

 

Qeyd edək ki, dünyada bu günə qədər baş verən güclü zəlzələlərin 20 faizi Yaponiyada qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə