“Bakı-Ağ şəhər” Fransada böyük maraq doğurub

“Bakı-Ağ şəhər” Fransada böyük maraq doğurub

Martın 8-dən 11-dək Fransanın Kann şəhərində keçirilən "MİPİM-2011" 22-ci beynəlxalq daşınmaz əmlak sərgisində "Bakı-Ağ şəhər" layihəsi təqdim olunub.
SİA-nın xəbərinə görə, Kannın Festivallar sarayının 145 kvadratmetrlik sahəsində təşkil olunan Azərbaycan pavilyonu Rusiyanın müxtəlif şəhərlərinin, İstanbul, Brüssel, Vyana, Paris, Rio-de-Janeyro kimi böyük şəhərlərin öz layihələrini təqdim etdiyi sərgidə böyük marağa səbəb olub.
Bu sərgi ölkəmizin təbliği və Azərbaycanda gedən sürətli inkişaf prosesləri, investisiya mühiti barədə xarici investorlara informasiya ötürmək baxımından da əhəmiyyətli idi.
Prezident İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər Planı"nın təsdiq olunması ilə bağlı Fərmanı çərçivəsində həyata keçirilən "Ağ şəhər" layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsidir. Bu çərçivədə Bakı buxtasının mərkəzində yerləşən "Qara şəhər"in ərazisində "Ağ şəhər" adlı nadir memarlıq ansamblının salınması xarici investorların da diqqətindən kənarda qalmır. Elə bu sərgidə təmsil olunmağın məqsədlərindən biri də layihənin icrasına daha çox xarici sərmayələri cəlb etmək olub.
Qeyd edək ki, "Bakı" – "Ağ şəhər" layihəsi dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri və müasir layihələrdən biridir. "Ağ şəhər" 221 hektar ərazini əhatə edəcək və yerləşdiyi məkanı Qafqazda ən iri rayona çevirəcəkdir. Burada təxminən 50 min sakinin yaşaması, bir o qədər də insanın işləməsi nəzərdə tutulub. "Ağ şəhər"in ərazisi qonşuluq prinsipi ilə yerləşən 10 kvartalı cəmləşdirəcəkdir. Tikintinin ümumi sahəsi 4,5 milyon kvadratmetr təşkil edəcəkdir.
Layihə mövcud bulvar xəttini daha 1,3 kilometr uzadaraq onu dünyada ən uzun istirahət məkanına çevirəcəkdir. Layihənin konsepsiyasının formalaşdırılması zamanı mühüm istiqamətlər - memarlıq rəngarəngliyi, ekoloji uyğunlaşma və yeni sahənin artıq mövcud olan şəhər kontekstinə düşünülmüş inteqrasiyası nəzərə alınıb. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı Bakını müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və "Ağ şəhər" layihəsini dünyanın qabaqcıl şəhərsalma layihələrinin səviyyəsinə çıxarır.
Layihə çərçivəsində xarici investorlara mehmanxana, ticarət-əyləncə mərkəzi, ofis binaları, konsert kompleksi, müasir incəsənət pavilyonu və digər obyektlərə sərmayə qoymaq imkanı verir.
Azərbaycan pavilyonuna böyük maraq göstərən qonaqlar "Ağ şəhər" layihəsinin sərginin birinci dərəcəli pavilyonları arasında olduğunu qeyd ediblər.
"MİPİM-2011" Beynəlxalq sərgisində bu layihəyə olan maraq öz təkrarolunmaz cizgiləri ilə regionda aparıcı mövqeyini qoruyub saxlayan Bakının simasının "Ağ şəhər"in reallaşması ilə daha mükəmməl forma alacağını bir daha təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə