"Prezident bütün vektorlarla bərabərhüquqlu siyasət yürütməkdə davam edir" ÖZƏL-MÖVQE

"Prezident bütün vektorlarla bərabərhüquqlu siyasət yürütməkdə davam edir" ÖZƏL-MÖVQE

"Bakı ənənəvi olaraq NATO və Rusiya generalları arasındakı görüşlərin mərkəzinə çevrilib. Bu, Azərbaycan Lideri İlham Əliyevin həm Qərbdə, həm də Rusiyada etibarlı tərəfdaş və lider kimi qəbul edilməsinin göstəricisidir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin 2000-ci illərin ortalarında hətta ölkəmizə edilən təzyiqlər zamanı balanslı siyasətindən geri dönməməyi, apardığı oturuşmuş və gələcəyə hesablanmış xarici siyasət - dövlətin milli təhlükəsizliyinin qorunmasına gətirib çıxardı". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, regionun ən ambisiyalı dövləti olan Rusiya və onun rəhbərliyi ilə qarşılıqlı maraqları nəzərə alan siyasətin yürüdülməsi isə, özü - özlüyündə olduqca çətin məsələ idi: "Azərbaycan tarixinə nəzər salsaq, hələ heç vaxt iki xalq arasında münasibətlərin bu qədər yaxşı səviyyədə olmasını qeyd edə bilmərik. Təbii ki, iki ölkə arasındakı münasibətlərə ən böyük zərbəni Qarabağ münaqişəsi vurur və bu problemə baxış bucağının Moskvanın yaxın onilliklərdə dəyişməyəcəyi aydındır. Lakin, bu mövzunu çıxmaq şərtiylə, Azərbaycan və Rusiya arasında hümanitar, siyasi, mədəni, iqtisadi, hərbi - texniki və sair sahələrdə artan xətt üzrə inkişafın şahidiyik.

Bəzən, bizdə bəziləri Kremli Ermənistana dəstəkdə günahlandırır. Ancaq, həqiqət ondan ibarətdir ki, Rusiyanın milli maraqları regionda nökər dövlət tələb edir ki, bu nökər statusunu ermənilər çoxdan əldə etmişlər. 1918 ci ildə erməni dövlətinin meydana gəlməsində və erməni soyqırımın qəbul edilməsində Vudro Vilson, Morgentau kimi şəxslərin, 1980 ci illərdə isə, ABŞ və Avropanın ayrı - ayrı siyasi institutlarında Qarabağdakı erməniləri dəstəkləyən bəyanatlar və qərarların verilməsi onu göstərir ki, bu illər ərzində, biz, bəzən erməni və havadarları mövzusunda cinahları düzgün çəkməmişik.

Uzun sözün qısası. Mahir diplomat olmaq, geosiyasi maraqları səninlə toqquşan dövlətlərlə belə , dil tapmağı tələb edir. Bu gün Prezident İlham Əliyev bütün vektorlarla bərabərhüquqlu siyasət yürütməkdə davam edir.

1) Qərbin Azərbaycana silah satmadığı bir dövrdə, ən müasir texniki göstəricilərə cavab verən silahları bizə İsrail satır.

2)İranın Aralıq dənizi və Yəmənə qədər şiə silahlı qruplaşmaları yaratdığı bir dövrdə Tehranın şimal istiqamətindəki ayrı - ayrı din pərdəsi altında gizlənən qruplara dəstəyinin minimum səviyyədə olması.Ölkələr arasında şimal - cənub nəqliyyat xəttinin inşası.

3) 1990 cı illərdə münaqişənin nizamlanması prosesində Azərbaycan əleyhinə layihələr təqdim edən, açıq - aşkar Ermənistanın lehinə bəyanatlar verən Rusiyanın, bu gün cənub istiqamətindəki geosiyasi orientirlərində dəyişikliklər etməsi. ( Lavrov hələ ki, maneə olmaqdadır).

4) 1990 cı illərdə ermənipərəst qanunlar qəbul edən ABŞ ın bu gün Bakını özünün regiondakı bir nömrəli tərəfdaşı hesab etməsi.

Mövzu olduqca genişdir. Unutmayaq kı, siyasət incə oyundur. Bunu isə, ancaq mahirlər bacarar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə