"Gənclər bilsinlər ki, müasir Azərbaycan heç də asanlıqla qurulmayıb"
“Cənab Prezidentimiz 1992-1993-cü illərdə ölkəmizin iqtisadiyyatını talan edən, ümumilikdə ölkəmizi talan edən, satqınçılıq missiyasını həyata keçirən, Azərbaycanın torpaqlarını Ermənistana satanlar, xalqın mülkünü oğurlayıb xarici dövlətlərə satanlar və ölkəmizdə satqınçılıq edənlər bu gün də çalışırlar ki, ayrı-ayrı dəstələr şəklində onların havadarlarının sifarişi əsasında ölkəmizdə sabitliyi, əmin-amanlığı pozsunlar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, hər bir dövlət maraqlıdır ki, həmin ölkədə sağlam müxalifət olsun, ölkənin inkişafı üçün təklif versin: "Çox təəssüf ki, Azərbaycanda belə bir müxalifət yoxdur. Həmin satqınlar, xəyanətkarlar bu gün də ayrı-ayrı dəstələr, qruplar şəklində çalışırlar ki, ölkəmizdə sabitliyi pozsunlar. Sosial şəbəkələr üzərindən ayrı-ayrı vasitələrlə gənclərimizi düzgün yoldan çəkindirsinlər, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı qaldırsınlar. Təbii ki, bu adamlar bu missiyasın öz üzərlərinə götürməklə bir daha öz xəyanətkar satqın missiyalarını həyata keçirmək istəyirlər. Çalışırlar ki, dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə zərbə vursunlar”.
Millət vəkili vurğulayıb ki, hər birimiz 1992-1993-cü illərdə ölkəmizin başına min bir bəla açan o xəyanətkarların həyata keçirdikləri siyasəti bugükü gənclərə danışmalı, onları maarifləndirməyə çalışmalıyıq: “Gənclər də bilsinlər ki, bugünkü müasir Azərbaycan heç də asanlıqla qurulmayıb. Azərbaycanın qurucuları öz canı, qanı bahasına bu dövləti inşa ediblər. Biz də gənclərə bütün bunları başa salmalıyıq ki, Azərbaycanın heç də birdən-birə belə qüdrətli dövlət olmayıb. Müasir gənclər əmin-aman bir ölkədə gözlərini açıblar. Günbəgün inkişaf edən ölkədə özlərini görüb-tanıyıblar. Dünənki tarixdən onlar yalnız ayrı-ayrı vasitələrlə xəbərdar olurlar. Maarifləndirmə işini aparmağa ehtiyac var, çünki gənclər bilməlidirlər ki, Azərbaycan bu günlərə gələ bilməsi üçün heç də asan yollardan keçməyib”.
Sonda isə deputat vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin, cənab prezident İlham Əliyevin səyləri, siyasəti və keçirdikləri tədbirlər nəticəsində, ölkəmizə olan təhdidlərin qarşısını alaraq bugünkü sabitliyimizi qorumaqla müstəqilliyimizi əldən verməyiblər: “Bu gün Azərbaycan artıq dünyada inkişaf etməkdə olan, dünyada söz sahibinə çevrilən bir ölkədir. Hazırda Azərbaycan dünyanın enerji təhlükəzisliyi baxımından yeni cızılan coğrafiyasında rolu olan bir ölkəyə, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinə çevrilib. Azərbaycanın razılığı olmadan bölgədə heç bir beynəlxalq layihə həyata keçirilmir. Bu baxımdan Azərbaycanı müəyyən dairələr sevmir. Eyni zamanda heç bir ölkədən asılı olaraq siyasət yeritmir, tamamilə müstəqil siyasət həyata keçirir. Bu da Azərbaycanı sevməyən qüvvələrin heç də xoşuna gəlmir. Onlar çalışırlar ki, hər hansı bir vasitə ilə Azərbaycanı özlərinin müstəmləkəsinə çevirsinlər. Bu mənada Azərbaycan gəncliyinin üzərinə böyük missiya düşür ki, hər zaman olduğu kimi onlar bundan sonra da cənab Prezidentimizin ətrafında sıx birləşməlidirlər, dövlətçiliyimizi, dövlətimizi, müstəqilliyimizi, ərazi bütövlüyümüzün qorunmasında onların öz rolu, böyük payı olmalıdır”.
Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB