"AXC-Müsavat cütlüyünün zəhərinin təsiri bu günə qədər də bəzi yerlərdə qalır" - PREZİDENT
"Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyinə həsr olunan mərasimdə çıxış edərkən deyib.
Dövlət başçısı söyləyib ki, elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir: "Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı".
Prezident İlham Əliyev qeyd edib ki, indi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir: "Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlandıran ünsürlər bir daha öz kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencəyin üstündən maykalar geymişdilər. Yəni, çox gülməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldürmüsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB