Gəncənin "Xan Bağı"na geni dəyişdirilən ağacların əkilməsi parkın gələcək taleyini təhlükə qarşısında qoyub. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) alimlərinin apardığı araşdırma bu faktı ortaya çıxarıb.
Söhbət ondan gedir ki, parkın yenidən qurulması istiqamətində görülən işlər zamanı əraziyə transgen mənşəli genetik modifikasiyalı bitkilər əkilib. Başqa ifadə ilə, parkın yaşıllığı geni dəyişdirilən ağaclardan istifadə olunaraq artırılıb. İlkin vaxtlarda göz oxşayacaq bu bitkilərin gələcəkdə ağır fəsadları ortaya çıxa bilər.
Universitetin Botanika və Bitki Fiziologiya kafedrasının müdiri Zaur Hümbətovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, təxminən 3-4 il sonra ağacların quruması prosesi başlayacaq. Çünki, xarici dövlətlərdən gətirilən bitkilər şiddətli şəkildə inkişaf edir, sonradan eybəcər hal alır.
Bu zaman isə bitkilərdə olan xəstəliklər yerli ağac və gül kollarına yayılır. Nəticə də isə parkın genofondu quruma təhlükəsi ilə üzləşir.
Hazırda "Xan Bağı"nın florasında millilik də itib. Yerli ağac və gül kollarının sayı azaldılıb. Bundan öncəki illərdə parkda 150-dən artıq yerli ağac növü var idisə, indi bu rəqəm 50-yə enib.
"Gilli torpağı gətirib parka töküblər. Ən dəhşətlisi isə odur ki, transgen mənşəli ağac növləri parka əkilib. Bu isə yerli növlərin məhvinə gətirib çıxaracaq. Sonradan isə yaranan vəziyyətin qarşısını almaq mümkün olmayacaq. Prakda milli üslub tamamilə itib", Z.Hümbətov bildirib.
Ərazidə ictimai iaşə obyektlərinin çoxalması da parkın durumuna mənfi təsir etməkdədir. Bundan əlavə parkada yerlərə döşənən daşlar bitki örtüyünün rahat nəfəs almasına imkan verməyəck.
Hazırda təhlükə barədə dövlət başçısına kafedranın alimləri adından müraciət hazırlanır. Bundan əlavə, elm adamları yaranan vəziyyətin vaxtında qarşısının alınması istiqamətində yeni komissiyanın yardılması ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət edəcək
"Mən yeni rəhbərliyə üzümü tutub xahiş edirəm ki, parkı bu vəziyyətdən qurtarmaq üçün komissiya yaradılsın. Çünki, park təmir edilən zaman keçmiş rəhbərlik alimlərin məsləhətindən istifadə etməyib", müsahibimiz əlavə edib.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti Aparatı rəsmilərinin mövqeyini isə öyrənmək mümkün olmadı. Bizə bildirildi ki, parkın salınmasında iştirak edənlərdən, şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov məzuniyyətdədir. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyev isə işdən çıxarılıb.
Uzun sözün qısası, aidiyyəti qurumlardan yaranan vəziyyətlə bağlı açıqlama verən tapılmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB