“Müharibə şəraitində olan bir ölkənin sabiltliyinin pozulması yolverilməzdir”

“Müharibə şəraitində olan bir ölkənin sabiltliyinin pozulması yolverilməzdir”

"Milli Tərəqqi Uğrunda" İctimai Koalisiya ölkədə sabitliyi pozmaq cəhdləri ilə bağlı Bəyanat qəbul edib. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "Məlum olduğu kimi, toplumda müsbət dəyişikliyin baş verməsi hər zaman tərəqqipərvər qüvvələr tərəfindən dəstəklənmişdir. Bu baxımdan demokratiyanın oturuşması, insan hüquqlarının müdafiəsi isti¬qamətində aparılan çalışmalar hər ötən il ərzində daha da geniş vüsət almaqdadır ki, bu da təqdir və etiraf olunası haldır.


Lakin bəzi hallarda demokratiya və insan hüquqları adı altında milli dövlətçiliyi təhdid edən, vətəndaşları xaosa sürükləyən olaylar da baş verir ki, bu da xoşagəlməz nəticələr doğurur. Bu baxımdan son zamanlar bir sıra ərəb ölkələrində baş verən məlum olaylar dünyanın diqqət mərkəzindədir. İnsan hüquq və azadlıqlarının, demokratiyanın bərpası adı altında baş verən etiraz tədbirləri özlüyündə müsbət çağırışlarla süslənsə də, sonucda xaosun, anarxiyanın baş verməsi, dövlətə, dövlətçiliyə zərbə vurmaqla müşaiyət olunur.


Azərbaycanda da zaman-zaman belə olaylar törətməyə cəhdlər edilibdir. Xaricdən idarə olunan qüvvələrin dövlətçiliyə qarşı, dövləti sarsıtmağa yönəlik çıxış və çalışmaları toplumumuzun zaman-zaman qarşılaşdığı hallardan olub. Ancaq bunların hamısının qarşısı zamanında ümummilli lider Heydər Əliyev və sonrakı dönəmdə prezident İlham Əliyev tərəfindən qətiyyətlə alınıb.


Müharibə şəraitində olan bir ölkənin sabiltliyinin pozulması yolverilməzdir. Ona görə də dövlətçiliyin təməllərinin sarsıdılmasına yönəlmiş hər bir çağırışa etiraz edir, onun qarşısının alınmasına xidmət edən çalışmaları dəstəkləyirik. Biz o mövqedəyik ki, demokratiya istiqamətində yürüdülən çalışmalar insanlara xoşbəxtlik gətirməli, nəticələri dövlətin inkişafına xidmət etməlidir. Başqa cür olarsa bu, xaosun, anarxiyanın yaranması deməkdir. Necə ki, inqilab adı altında gerçəkləşdirilən proseslərdən sonra bir çox ölkələrdə bunun şahidi olmaqdayıq.


 Xarici qüvvələrin əliylə Azərbaycanda sabitliyi pozmaq cəhdlərini pisləməklə yanaşı, ölkədə son dövrlər korrupsiya və rüşvətxorluğa qarşı dövlət səviyyəsində həyata keçirilən tədbirləri təqdiir etdiyimizi bəyan edirik. İnanırıq ki, məmurlar öz fəaliyyətlərində dönüş yaradaraq vətəndaşlara layiqli xidmət gös¬tərəcək, neqativ halların aradan qaldırılması sahəsində olumlu addımlar ataraq, prezidentimizin etimadını doğruldacaqlar.

"Milli Tərəqqi Uğrunda" İctimai Koalisiyada birləşən qeyri-hökumət təşkilatları hesab edir ki, problemlərdən çıxış yolu təkamüldədər. Torpaqlarının 20 faizi işğl altında olan və müharibə şəraitində fəaliyyət göstərən respublikamız üçün dövlətlə, dövlət başçısıyla bir olmaq alternativlərin ən yaxşısı, daha doğrusu, alternativsiz qəbul edilməli olan yoldur. Çünki ölkə daxilində baş verən çalxalanmalar Dağlıq Qarabağla bağlı aparılan danışıqlar prosesində Azərbaycanın mövqelərinə ağır zərbə vurur. Yaxın dövr müstəqillik tariximizdən məlum olduğu kimi, ölkədə baş verən sarsıntılar xalqımıza, dövlətimizə itkilərə səbəb olur. Ona görə də hər kəsi itirməyə doğru deyil, qazanmağa doğru çalışmalara səsləyir, Azərbaycanımızın daha güclü inkişafı üçün əlindən gələni əsirgəməməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə