Siyasi ekspertlər 11 mart çağırışlarını ermənipərəst qüvvələrin sifarişi adlandırırlar - DEBAT

Siyasi ekspertlər 11 mart çağırışlarını ermənipərəst qüvvələrin sifarişi adlandırırlar - DEBAT

Bildiyimiz kimi, son günlər "Facebook" sosial şəbəkəsində "11 mart böyük xalq günü" adı altında kampaniyaya start verilib və gəncləri ölkədə iğtişaşlara səsləyirlər. Bunun əksinə olaraq kampaniyanın nəticələrinin gənclər arasında xoşagəlməz fəsadlar törədəcəyini, Azərbaycanda stabilliyin və əldə olunmuş uğurların təhlükə altına alacağını düşünən bir qrup gənc "Facebook" sosial şəbəkəsində "İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək" – "11 mart böyük xalq günü"nə etiraz kampaniyası başlayıblar. Ümumiyyətlə, bu gün Azərbaycandakı ictimai-siyasi vəziyyəti necədir? Aksiyaların keçirilməsi amilinin kökündə duran səbəblər nədən ibarətdir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün bu gün SƏS TV-nin "Ekspress Şərh" rubrikasının qonaqları millət vəkili Aydın Mirzəzadə və Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə olub.

Jurnalist: - Ümumiyyətlə, bu gün Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz?

Araz Əlizadə:

- Bu gün Azərbaycanda stabil vəziyyətdir. Siyasi çaxnaşmalara can atanların da imkanları yoxdur. Azərbaycanda yeganə problem korrupsiya problemidir. Korrupsiya problemi sosial vəziyyətə də təsir göstərir. Hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə şiddətlənib və müəyyən tədbirlər görülür. Korrupsiyaya qalib gələndən sonra biz çox sabit vəziyyətdə öz işimizi davam etdirəcəyik. Bəziləri deyir ki, sosial vəziyyət ağırdır. Mən bununla tamamilə razıyam, amma korrupsiya olan yerdə sosial vəziyyət yaxşı ola bilməz. Bunu dövlət başçısı da bilir və özü də korrupsiyaya qarşı mübarizəyə start verib.

Aydın Mirzəzadə:

- İctimai-siyasi vəziyyəti stabil, Azərbaycan Konstitusiyasına uyğun şəkildə gedən proses kimi qiymətləndirirəm. Vətəndaşlara verilən hüquq və azadlıqlar bu gün dövlət tərəfindən qorunur. İqtisadi inkşafla bağlı gedən proseslər cəmiyyətin gözü qarşısındadır. Azərbaycan vaxtilə vahid SSRİ iqtisadi məkanın bir hissəsində olan, müstəqilliyinə qovuşan, daxili resusları hesabına artıq inkişaf edən bir dövlətə çevrilib və bir dövlət kimi qarşısında duran problemləri zaman-zaman həll edir. Hər dövrün öz problemləri var. Bu gün mövcud problemlər dövlətin və cəmiyyətin diqqətindədir. Həmin problemlər dövlətdən gizlədilmir.

Jurnalist: - Son günlər internet şəbəkələrində daha çox xarici ölkələrdə olan gənclər və Ermənistanın idarə etdiyi bəzi qüvvələr Azərbaycanda ixtişaşlar törətmək barədə müxtəlid yönümlü çağırışlar edirlər. Sizcə, bu amilin kökündə duran səbəblər nədir?

Araz Əlizadə:

- Azərbaycanda müxalifətçilik təqlidçiliyi çox geniş yayılıb. Hər bir ölkənin öz yolu var. Ərəb ölkələrində "Facebook"dan istifadə, sms-dən istifadə etdilər və inqilablar başlandı. Bəzən öz qüvvəsini itirmiş insanlar çalışırlar ki, internet şəbəkədən istifadə edib nəyəsə nail ola bilsinlər. Lakin bir şeyi unudurlar ki, əvvəla Azərbaycanda diktatura yoxdur. Amma eyni zamanda aftoritetlərin işartıları olan bir ölkədir. Eyni zamanda da kimsə inqilab törətmək istəyirsə, bu inqilab necə olmalıdır? Mən bu gün müxalifət daxilində elə bir şəxs tanımıram ki, xalq onun ardınca gedib inqilabda iştirak etsin. Çünki hazırda bundan istifadə edən insanlar əsasən 1980-cı illərin sonu 1990-cı ilin əvvəllərində siyasətə gəlmiş insanlardır. Onlar bu dövrdə nə kitab oxuyublar, nə mütailə ediblər, nə də öz üzərlərində çalışıblar və yeganə mübarizə yolu mitinqləri tanıyırlar, həmişə də deyirlər ki, bizə Azadlıq meydanını verin. İqtidarın əvəzinə olsaydım onlara Azadlıq meydanını verərdim. Çünki onlar 2-3 min insan yığacaq və o meydanda çox gülünc vəziyyətə düşəcəklər. Amma mən iqtidar deyiləm. Ona görə hərənin öz yolu var. Onlar əsasən virtual şəkildə mitinqlərə dəvət edirlər. Onsuz virtual məkana heç kəsi bağlaya bilməzlər. Kim istəsə orada iştirak edə, kim istəsə sözünü deyə bilər, amma eyni zamanda Azərbaycanda külli miqdarda qəzet çıxır. Bu qəzetlərdə də kim istəyirsə öz sözünü deyə bilir.
Bu yaxında xarici jurnalist mənə sual verdi ki, inqilablardan nə gözləyirsiz və daha hansı ölkədə inqilab gözləyirsiz? Dedim harda gözləyirəmsə gözləyim, amma Azərbaycanda gözləmirəm. Misirdə inqilab oldu. Hakimiyyətin mahiyəti dəyişdimi? Necə ki, 52-ci illərdən başlayaraq hərbçilərin əlində idi, həmişə əlində qalır. Liviyada dedilər ki, Qəddafi artıq uduzub. Amma baxıb görürük ki, onun tərəfində duran xalq da var. Liviya xalqı ən yaxşılardan biri idi. Artıq Tunisdə 2 dəfə höküməti dəyişiblər. Nə vaxtacan davam edəcək, onsuz da ölkə iqtisadiyyatı bərbad vəziyyətdə idi və daha da bərbad vəziyyətə düşür. Yəmən nəyin hesabına inkişaf edəcək, nəyin hesabına yaşayacaq? Mən belə şeylərə qeyri-ciddi baxıram. Azərbaycan xalqı 1988, 1992-93, 2003-cü illərdə bu cür insanların dalınca gedib və hər dəfə də başı divara dəyib. Mən düşünmürəm ki, bu dəfə xalq kimsə ardınca gedəcək.

Aydın Mirzəzadə:

- Sosial şəbəkədə bəzi məsələlər geniş müzakirə olunur. Son günlər ərəb ölkələrində baş verən inqilabları süni sürətdə Azərbaycana gətirmək iddiası uğursuzdur. Əvvəla, Ərəb ölkələrində baş verənlər orada baş verməli idi. Azərbaycanda fərqli situasiyadır. Həmçinin çağırışları yayanların sayı da çox deyil. Azərbaycan gəncliyi ictimai-siyasi məsələlərdə, parlamentdə, icra hakimiyyətində, məhkəmədə də öz bacarıqlarını göstərirlər. Bu gün müasir Azərbaycanı quranlardan biri də gənclərdir. Çağırışlara qaldıqda isə bu çağırış olaraq qalacaq. Çağırışların Azərbaycanda həyata keçməsi üçün o baza yoxdur. Bu gün mitinqlərə çıxmaq istəyən 100-lərdən çox deyil. Ancaq bu gün öz biznesini, karyerasını, yaradıcılığını quran, cəmiyyətimizi sevindirən on minlərlə, 100 minlərlə gənclərimiz var ki, Azərbaycanın əsl sahibi onlardır.

Jurnalist: - Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ideoloji tərəfinə baxdıqda Ermənistan iflasa uğruyub. Məhz buna görə də, Ermənistan Azərbaycanda daxili sabitliyinin pozulması üçün müxtəlif üsullara əl atır. Biz hansı üsullardan istifadə etməliyik ki, bu kampaniya arzuolunmaz nəticəni verməsin?

Araz Əlizadə:

- Əvvala onu deyim ki, Qarabağ ətrafında münaqişə başlayanda Azərbaycan təbliğat müharibəsini uduzdu. Son illər tez-tez xarici ölkələrə səfərlərimdə görürəm ki, əgər əvvəllər mən Azərbaycan haqqında danışanda, mənə qulaq asmırdılar, şübhə ilə yanaşırdılar. Amma qapılar açılandan sonra insanlar gəlib Azərbaycanla tanış olur, biz də öz növbəmizdə həqiqətləri onlara çatdırırıq. İndi demək olar ki, ermənilər təbliğat müharibəsində uduzublar. Onların sosial şəbəkələrdə Azərbaycana qarşı apardıqları təbliğatın heç bir əsası yoxdur. Əlbəttə, onlar çalışırlar ki, Azərbaycanın imicinə zərbə vursunlar. Ermənilərin səsini kəsmək artıq hər yerdə mümkündür. Çünki artıq bütün dünya bilir ki, onlar təxribatçı, yalançıdırlar.

Jurnalist: - Həmsədr ölkələr Dağlıq Qarabağ probleminin həll ilə bağlı aparılan danışıqlarda Azərbaycanın güzəştə getməsinə nail olmaq üçün bir çox üsullara əl atırlar. Necə düşünürsünüz, vasitəçilərin birtərəfli mövqe tutmaları münaqişənin həllində mənfi dəyişikliyə gətirib çıxara bilərmi?

Aydın Mirzəzadə:

- Həqiqətən də, həmsədr və eyni zamanda ölkələrin bir qismi bu məsələdə axıra kimi neytral mövqe saxlaya bilmirlər. Azərbaycana təzyiq etməklə bu və ya digər formada Ermənistana güzəştə getməyə sürükləmək istəyirlər. Amma siyasət mümkünlərin toplusudur, yəni siyasət reallıqda nə varsa onunla işləməkdir. Bu baxımdan Azərbaycan tərəfi də yaxşı bilir ki, hansı ölkə Ermənitanı dəstəkləyir və onun bugünki işğalını leqallaşdırmağa çalışır. Siyasət də buna uyğundur. Həm Ermənistanı dəstəkləyən ölkələrin çağırışlarına, həm də Ermənistanın işğalçılıq siyasətinə ən yaxşı cavab güclü və qüdrətli Azərbaycan dövlətinin formalaşmasıdır. Prezident Heydər Əliyevin belə bir fikir var idi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Nəzərə alaq ki, 1993-cü ildə Azərbaycanın büdcəsi 300 milyon dollar idi, valyuta ehtiyatında isə 0 sent var idi. Hazırda Azərbaycanın büdcəsi 16 milyard dollardır, valyuta ehtiyatı isə 30 milyard dollardır. Bu da imkan verir ki, Azərbaycanda sosial proqramlar həyata keçirilsin, infrastuktur yenidən qurulsun, mədəniyyət, təhsil, səhiyyə yenilənsin, Azərbaycan iqtisadiyyatı təkcə neftdən asılı olmasın, qeyri-neft sektorunun payı artsın. Aparılan siyasət güclü ordu qurmağa, Ermənistana hərtərəfli təzyiq göstərməyə imkan verir. Ermənistanın bu gün bütün sahələrdə uduzmasının səbəbi Azərbaycanın güclü və qüdrəti dövlət olmasıdır.
Ermənistanın sərbəst təbliğatı heç vaxt olmayıb. Həmişə digər dövlətlərinin resurlarından istifadə edərək təbliğat aparır. Güclü Azərbaycan dövlətinin qurulması siyasəti bütün sahələrdə, o cümlədən təbliğatda Azərbaycanın qələbəsinə gətirib çıxarır.

Bütün xəbərlər Facebook səhifəmizdə