Elman Nəsirli: “Ərəb dünyasında inqilaba səbəb olan amillər Azərbaycanda mövcud deyil”
"Yaxın Şərq ölkələrində baş verən hadisələr göstərdi ki, ərəb dünyasında ciddi sosial narazılıq var və yerli əhali narazılıqlarını çox kəskin şəkildə ifadə etdilər. Tərəf qismində məhz gənclər çıxış etdilər. Gənclərin mübarizə üsulları da göstərdi ki, bu klassik mübarizə üsulu deyil və daha çox müasir texnologiyalardan istifadə etməklə həyata keçirilən üsullardır". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib. O, qeyd edib ki, "Facebook", "Twitter" kimi sosial şəbəkələr vasitəsi ilə etirazın ifadə olunması və onun üsullarından istifadə edilməsi, məhz bu yolla toplanmaq və bunlardan istifadə etmək effektli düşünülüb: "Bu effektli hazırlanılıb və mübarizənin yeni praktiki üsulu kimi Ərəb dünyasında sanki sınaqdan çıxarılıb. Müasir texnoloji üsulların nailiyyətlərindən istifadə edərək sosial etirazın ifadəsi kimi model hazırlanıb və tətbiq edilir".
Politoloq hesab edir ki, Ərəb dünyasında sınaqdan çıxarlan effekt modelini istənilən yerdə tətbiq etməklə istənilən nəticəni almaq mümkün olmur. Belə ki, o halda bu model effektli olar ki, həmin modelin formalaşması və tətbiqi üçün münbit şərait olsun: "Burada çox ciddi işsizlik problemi, sosial böhran və etiraz olsun. Xüsusilə gənclərin kütləvi şəkildə işsizliyi mövcud olsun, insan hüquq və azadlıqları total şəkildə pozulsun və s. Belə olan hallarda bu reseptin tətbiqi öz effektini verə bilir və bunun şahidi olduq. Azərbaycan da dünyanın tərkib hissəsi olaraq geniş şəkildə müasir texnologiyalardan istifadə edir və deyərdim ki, rabitə neft sahəsindən sonra ən öndə gedən sahədir. Bu nöqteyi-nəzərdən Azərbaycanda da istənilən gənc bu sosial şəbəkədən istifadə edir və öz fikirlərini bildirir. Bunda müəyyən oxşarlıq var. Amma fərq ondadır ki, həmin sosial şəbəkə o zaman belə hallarda inqilablar da real qüvvəyə çevrilə bilər ki, bunun müəyyən bazası olsun. Azərbaycanda bunun real qüvvəyə çevrilməsi üçün baza yoxdur. Çünki Azərbaycanda işsizliyin səviyyəsi 2003-cü ildən 49 faizdən indi aşağı düşərək 7-8 faiz ətrafındadır. Eyni zamanda Azərbaycan gəncinin özünü təsdiq üçün hər cür imkanı var və Azərbaycan bu gün dinamik inkişaf edən bir ölkədir. MDB-də inkişaf rentabelliyinə malik olan Azərbaycan dünya iqtisadi böhranı şəraitində iqtisadi inkişafını saxlayan və analoqu olmayan ölkələrdən biridir".
Politoloq deyir ki, bütün bu müsbət irəliləyişlərin nəticəsidir ki, Azərbaycanda daxili nümayişlər üçün sosial baza yaranmayıb: "Bu nöqteyi- nəzərdən xaricdə bu qüvvələrə dəstək verən şəxslər Azərbaycanda bu effekti tətbiq etmək istəyirlər. Sadəcə onlar bir şeyi səhv edirlər ki, bu modelin Ərəb dünyasında özünün göstərməyinin və real nəticənin əldə olunmasında yeganə səbəb var: ərəb dünyasının çox böyük gəlirlərinin olmasına baxmayaraq gənclər kütləvi şəkildə işsiz idi. Monarxiya rejimi var idi. Bunların heç biri isə Azərbaycanda mövcud deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB