Bu gün Parlament Jurnalistlər Birliyi (PJB) tərəfindən III çağırış Milli Məclisin 10 fəal deputatı mükafatlandırılıb. SİA-nın məlumatına görə, mobil operator "Bakcell" şirkətinin dəstəyi ilə reallaşdırılan tədbirdə millət vəkilləri, jurnalist təşkilatları və qəzet redaktorları iştirak edib.
PJB-nin rəhbəri Elşad Eyvazlı bildirib ki, sorğu parlamentdə akkreditə olunan 60-a yaxın jurnalist arasında keçirilib. Milli Məclisdə hər il müxtəlif mövzularla bağlı sorğular keçirildiyini deyən PJB rəhbəri qeyd edib ki, sorğu zamanı 4 nominasiya üzrə qaliblər müəyyənləşdirilib.
Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən aktiv deputat kimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva seçilib. Parlament jurnalistləri onun təşəbbüsü ilə qəbul olunan amnistiya aktını yüksək qiymətləndiriblər. Beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən deputatlar kimi Azay Quliyev və vitse-spiker Bahar Muradova daha çox səs qazanıb.
Seçicilərin hüquqlarını daha fəal müdafiə edən deputatlar arasında Qənirə Paşayeva, Fuad Muradov və Cəmil Həsənli ən çox səs toplayıb. Plenar iclaslarda fəallığı ilə seçilən millət vəkilləri kimi vitse-spiker Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov və Siyavuş Novruzov mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB