Ombudsman ABŞ-ın ölkəmizdəki səfirini qəbul edib

Ombudsman ABŞ-ın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Metyu Brayzanı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Ombudsman qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini söyləmiş və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib.

Ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra edildiyi, bu planın təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikanın bütün rayonlarında ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılıb.

Səfir M.Brayza Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, böyük təcrübəyə malik olduğunu, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib. O, Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri, həbsdə olan Eynulla Fətullayevin, həmçinin həbs olunmuş Bəxtiyar Hacıyevin hüquqlarının təmini vəziyyətinin monitorinqi istiqamətində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanmış, onun sualları ətraflı cavablandırılıb.

Ombudsman qonağa təsisatda hazırlanmış çoxsaylı hüquqi ədəbiyyat və nəşrlər barədə məlumat verib.
Səfir səmimi qəbul, faydalı təkliflər və fikir mübadiləsi üçün təşəkkür edib.

Görüşdə ABŞ səfirliyinin Siyasi işlər üzrə müşaviri xanım B.Buchet iştirak.

Bütün xəbərlər Facebook səhifəmizdə