Azay Quliyev Kristofer Şildslə QHT qanunvericiliyi məsələlərini müzakirə edib

Azay Quliyev Kristofer Şildslə QHT qanunvericiliyi məsələlərini müzakirə edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin layihə rəhbəri Kristofer Şildslə görüşüb.

SİA-nın xəbərinə görə, Şuranın ofisində keçən görüşdə QHT qanunvericiliyi məsələləri müzakirə edilib. Azay Quliyev QHT qanunvericilik bazasının daha da təkmilləşdirilməsi sahəsində ciddi işlərin getdiyini bildirib. O qeyd edib ki, QHT - hökumət əməkdaşlığının genişləndirilməsi, QHT-lərin müxtəlif dövlət proqramlarının icrasına cəlb edilməsilə onların ictimai və sosial həyatın bütün sahələrinə nüfuz etməsi, eləcə də cəmiyyətdə şəffaflıq amillərinin gücləndirilməsi məqsədilə QHT fəaliyyətinə aid yeni qanunların işlənib hazırlanması prosesi başlanmışdır.

A. Quliyev bildirib ki, Sosial Sifariş haqqında, Peşə Cəmiyyətləri haqqında, Korporativ Sosial Məsuliyyət haqqında, İctimai İştirakçılıq haqqında qanun layihələrinin hazırlanması, həmçinin Reklam haqqında qanuna dəyişikliklər edilməsi üçün Şuranın nəzdində işçi qrup yaradılıb.

Görüşdə bu məsələlərin müzakirəsi üçün yaxın vaxtlarda birgə tədbirin keçirilməsi haqda razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə