Əli Əhmədov: “Bu gün ölkə gənclərini təxribata çəkənlər arasında ermənilər də ola bilər”

Əli Əhmədov: “Bu gün ölkə gənclərini təxribata çəkənlər arasında ermənilər də ola bilər”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatında partiyanın icra katibi Əli Əhmədov ilə partiya gənclərinin görüşü keçirilib. SİA-nın məlumatına görə, YAP icra katibi çıxışında son günlər "Facebook" sosial paylaşım saytında Azərbaycan gənclərinə edilən çağırışlara toxunub.

 

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclər siyasətinin aparıldığını deyən Ə.Əhmədov qeyd edib ki, YAP-ın uğurlu fəaliyyətində partiya gəncləri mühüm rol oynayır. Ölkənin ictimai-siyasi həyatında YAP-ın gənclərinin digər gənclərdən daha fəal olduğunu söyləyən partiyanın icra katibi bildirib ki, bu gün ölkə gənclərini təxribata çəkənlər arasında ermənilər də ola bilər: "Ölkəmizin inkişafını istəməyənlərin təxribatına aldananlar siz gənclərin tələbə yoldaşlarınız da, yaxın tanışlarınız da ola bilər. Siz onları düz yola çəkməlisiniz və buna borclusunuz. Sosial parlaşım saytları yalnız əyləncə üçün deyil, həm də maarifləndirmə üçündür. Azərbaycan gəncləri sosial paylaşım saytlarından bu məqsədlə istifadə etməlidir".

 

YAP icra katibi bildirib ki, 8 yaşlı uşağı öldürən ermənilər özlərinin zəif olduğunu ortaya qoyur. Güclü ordu, iqtisadiyyat və dünyada güclü nüfuzun bugünkü Azərbaycan reallıqları olduğunu qeyd edən Ə.Əhmədov Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi həll edilməməsini təəssüflə vurğulayıb: "Bununla belə reallıqlar və hadisələrin gedişi göstərir ki, problemin öhdəsindən Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu bugünkü hakimiyyət gələcək. Münaqişənin başlanğıcında Azərbaycan əhalisi 7, Ermənistan əhalisi 3 milyon idi. İndi isə Azərbaycan əhalisi 9 milyonu keçib, Ermənistan əhalisi isə 2 milyondan da azdır. Ermənistan əhalisi ölkəni tərk edir. Azərbaycan isə inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə